Malayziya polisi şimali koreyalı diplomatın Kim Conq Namın qətli ilə əlaqəsi olduğunu deyir

Çərşənbə günü Malayziya polisi Şimali Koreya liderinin qardaşını öldürməkdə şübhəli bilinən iki qadının nə edəcəklərini öncədən çox yaxşı bildikləri və bununla bağlı təlim keçdiklərinə dair məlumat verib.

Kuala Lumpur Beynəlxalaq Hava Limanının təhlükəsizlik kameralarının çəkdiyi görüntülərdə ötən həftə bir qadınının Kim Conq Namı arxadan tutduğu və zorla üzünü nə ilə isə bağladığı göstərilir.

Qadınlardan azı biri aldatıldığını və televiziya proqramında iştirak etdiyini düşündüyü üçün zarafatla Kimə hücum etdiyini deyir.

Malaziya səhiyyə rəsmiləri Kimin meytini yarıblar, amma ölüm səbəbini müəyyən etmək üçün laboratoriya nəticələrini gözləyəcəklər.

Hücumla əlaqədar olaraq daha iki nəfər həbs edilib və rəsmilər daha üç şübhəlini axtardığını deyir.

Malayziya Polis idarəsinin baş inspektoru Xalid Əbu Bəkr bildirir ki, yeni şübhəlilər Kuala Lumpurda yerləşən Şimali Koreya Səfirliyinin ikinci katibi Hyon Kuanq Sonq və Şimali Koreya dövlət aviaşirkətinin işçisi Kim Uk İldir.

Bir zamanlar Kim Conq Nam atasından sonra Şimali Koreyanın lideri olmağa hazırlaşırdı, lakin 2001-ci ildə Tokiodakı Disneylendə getmək üçün saxta passportla Yaponiyaya daxil olmağa çalışdığına görə, atası onu Makauya sürgünə göndərmişdi.

Cənubi Koreyanın casusluq agentliyi bildirir ki, Kim Conq Un hakimiyyətə gələndən sonra qardaşının öldürülməsinə əmr verib, lakin 2012-ci ildə onun qətl cəhdi alınmayıb.

Kim Conq Nam avtoritar rejimi tənqid etdiyi üçün qardaşının hakimiyyətinə təhlükə olaraq görülürdü. Bundan əlavə Çin prezidenti Şi Tsinpinqin Şimali Koreyanın lideri olaraq Kim Conq Namı görmək istədiyi ehtimal edilirdi.