Hillari Klinton Asiyada ərazi mübahisələri haqda danışdı

ABŞ dövlət katibi Hillari Klinton Asiyada regional görüşləri başa vuraraq dövlətləri ərazi mübahisələrini konstruktiv dialoq yolu ilə həll etməyə çağırıb. Xanım Klinton ASEAN dövlətləri nümayəndələrinin yığıncağından sonra keçirilən mətbuat brifinqində Cənubi Çin Dənizi üzərindəki mübahisəyə toxunub.

“Hər bir millət təbii resurslar uğrunda dövlətlərin sərt ritorikaya üz tutmasından narahatlıq keçirir. Keçmişdə bəzi dövlətlər hərbi qüvvələrdən balıqçılar arasındakı mübahisəni çozmək üçün istifadə ediblər. Biz ASEAN-ın Çinlə mübahisəli məsələlərdə proqres əldə edəcəyinə ümid bəsləyirik.”

Klinton deyib ki, mübahisəni həll etmək üçün çoxtərəfli danışıqlara ehtiyac var. Onun sözlərinə görə ərazi mübahisələri adətən geniş regiona təsir göstərir və ikitərəfli danışıqlar çaşqınlıq və qarşıdurma yarada bilər.

Bruney, Çin, Malayziya, Filippin, Tayvan və Vyetnam Cənubi Çin Dənizinin bütöv yaxud bir hissəsinə iddia edirlər. Dənizdə külli miqdarda balıq, neft və qaz yataqlarının olduğu güman edilir.