Yaxın Şərqdə qış ayları on illərdir müşahidə edilməyən sərt şəraitdə keçir. Evsiz-eşiksiz qalan yüz minlərlə insan isti yer tapmaq arzusu ilə Beyrut küçələrindən Livanın şimalında dağlarda qaçqın düşərgələrinə qədər çadırlara sığınıb.
Livanın şimalında qaçqın düşərgəsində qarın altında qalan çadırda hər gün yaşamaq uğrunda mübarizə gedir.
Bir milyondan çox insan Suriyadakı müharibədən qaçaraq Livana sığınıb. Lakin onlar burada da ölümlə üz-üzədirlər. Livanın Bekaa regionuna pənah gətirənlər şaxtalı qışda donmamaq üçün əllərindən gələni edir. Bəziləri isə şaxta qarşısında aciz qalıb. Soyuq hava şəraiti və güclü qar artıq üç qaçqının həyatına son qoyub.
Həyat yoldaşı Suriya müharibəsində öldürülən Fatmi Zakur 3 uşağı üçün narahatdır. “Biz öz evimizdə xoşbəxt idik. Bizim üçün hər şey dəyişdi. Həyat yoldaşım öldürüldü, uşaqlarımın ikisi əlildir, böyük qızımın ürəyi xəstədir. Biz indi çadırda yaşayırıq, amma biz çadırda yaşamağa adət etməmişik. Hər şey dəyişib.”
Fatmi və ailəsinə müəyyən yardım edilir.
Bu yaxınlarda baş vermiş güclü fırtına zamanı Livan hökuməti qeyri-hökumət təşkilatları ilə birlikdə çadırlarda yaşayan ailərələrə yardım üçün bölgəyə həkimlər göndərdi. Lakin təkcə Bekaa regionunda 400 min qaçqın var və hamıya yardım göstərmək olduqca çətin bir vəzifədir.
Səhiyyə Nazirliyinin nümayəndəsi Fatimə Əl-Musəvi: “Onlar soyuğa bir müddət dözdülər. Lakin onlar havanın belə soyuyacağını düşünmürdülər. Onlar arasında çox sayda körpə uşaq və qoca adam var. Buna görə də biz hər bir çadıra gəlib onlara yardım verirdik. Onlar çadırları tərk edə bilmirdi, yollar bağlı idi, elektrik və su kəsilmişdi.”
Ölkə boyu salınmış 1400 müvəqqəti düşərgədə vəziyyət burada olduğundan fərqli deyil. Bu, düşərgələrdə yaşayanların çoxu üçün ilk qış deyil və bu şəraitdə sağlamlıq problemi qaçılmazdır. Tənəffüs və yoluxucu xəstəliklərin yayıldığı bir vaxt xroniki xəstəlik halları də artmaqda davam edir. Lakin xəstəliklər nəzarət altına alınsa, kifayət qədər qida və istiliklə təmin edilsələr bu, insanların həyatla ölüm arasında mübarizəsinə yardım edə bilər.
UNİSEF Livanda “Beyond Association” kimi yerli təşkilatlarla birlikdə körpələri isti geyimlə təmin etməyə çalışır. Belə bir ağır şəraitdə beynəlxalq ictimaiyyət yenidən ehtiyacı olan ailələrə yardıma çağırılır.
“Beyond Association” təşkilatının prezidenti Co Avad: “Bu illə müqayisədə keçən il daha çox pul verildi və yardım edildi. Bu il hətta BMT agentliklərinin də yardım üçün kifayət qədər maliyyəsi yoxdur.”
Düşərgədəki insanlar isə ancaq ümidlə yaşayır.