Liviyada milli birlik hökumətinin yaradılması ilə bağlı danışıqlarda inkişaf əldə edilib

Dünya qüdrətlərinin Liviyada iki rəqib tərəfin nümayəndələri ilə görüşü BMT-nin milli birlik hökumətinin yaradılması planına dəstək haqda razılıqla başa çatıb.

Dünyanın 17 ölkəsinin və dörd beynəlxalq qurumun Liviya rəsmiləri ilə Romada danışıqları ABŞ Dövlət katibi Con Kerri və onun italiyalı həmkarı Paolo Gentiloninin sədrliyi ilə keçib.

Con Kerri Liviyanın gələcəyi ilə bağlı irəliyə doğru addım atmağın vaxtı olduğunu deyib.

Liviyanın iki rəqib hökuməti arasında birliyə dair razılıq çərşənbə axşamı günü Mərakeşdə imzalanacaq.

Kerri deyib ki, Liviyanın gələcəyi naminə dalana dirənmiş vəziyyətdən çıxmaq və irəliyə doğru hərəkət etmək lazımdır.

BMT-nin elçisi Martin Kobler deyib ki, razılıq Liviyanın siyasi partiya liderləri və digər rəsmilər tərəfindən imzalanacaq.

Liviyada 2011-ci ildə sabiq lider Müammar Qəzzafinin devrilməsindən sonra qeyri-sabit vəziyyət hökm sürür. Qəzzafi üsyançı qüvvələr tərəfindən ələ keçirilərək öldürülüb.

Bir ildən çoxdur beynəlxalq ictimaiyyətin tanıdığı hökumət ölkənin şərqində qərargahlanıb. Paytaxt Tripolni isə islamçılar tərəfindən dəstəklənən yarı-hərbi alyans idarə edir.

Liviyaya yardım səyləri İŞİD-in ölkədə mövcudluğunu artırması ilə bağlı beynəlxalq narahatlıqlarla eyni vaxta təsadüf edir.