Azərbaycan yəhudi icması Amerikada görüşlər keçirir

Azərbaycan yəhudi icmasının rəhbərləri Los Ancelesdə

Los Ancelesdə səfərdə olan Azərbaycan Milli Məclisinin deputatı Yevda Abramov, Azərbaycan Dağ Yəhudiləri icmasının sədri Milix Yevdayev, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və Dağ Yəhudiləri sinaqoqunun ravini Avraam Yakubov fevralın 3-də Los Anceles şəhər şurasının üzvü Paul Koretz ilə görüşüb. Bu barədə Azərbaycanın Los Ancelesdəki konsulluğu məlumat yayıb.

Görüşdə Azərbaycanın tolerantlıq ənənələri, bu sahədə hazırda oynadığı nümunəvi rol, ölkə rəhbərliyi tərəfindən bütün dini icmalara göstərilən qayğı, eləcə də Azərbaycanın qədim yəhudi icmasının tarixi və bu gün ölkəmizdə sülh və əmin-amanlıq şəraitində yaşaması əsas müzakirə mövzusu olub.

Qeyd edək ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və təşkilatçılığı ilə Kaliforniyada səfərdə olan nümayəndə heyəti fevralın 2-də Amerika İsrail İctimai Əlaqələr Komitəsi və Amerika Yəhudiləri Komitəsinin Los Anceles bölməsinin idarə heyətinin üzvləri ilə, eləcə də UCLA universitetindəki Hillel yəhudi mərkəzinin professor və tələbələri ilə görüş keçirib.