Lukaşenko Belarus polisinin nümayişçilərə qarşı odlu silahlardan istifadəyə icazə verən qanun imzalayıb

Belarusun avtoritar lideri Aleksandr Lukaşenko polis və təhlükəsizlik qüvvələrinin nümayişçilərə atəş açmasına icazə verən qanunu imzalayıb.

Mayın 17-də Lukaşenko tərəfindən təsdiqlənən qanun hüquq-mühafizə orqanlarının əməkdaşlarını etirazçılara fiziki hücum, odlu silah, döyüş və xüsusi texnika ilə vurulan ziyana görə məsuliyyətdən azad edir.

Qanun millət vəkilləri tərəfindən aprel ayında təsdiqlənmiş, ölkənin demokratiya hərəkatına qarşı təzyiq altında vətəndaş hüquqlarını və sərbəst informasiya axınını ciddi şəkildə məhdudlaşdıran geniş qanunvericilik aktının bir hissəsidir.

Lukaşenkonun qalib gəldiyini iddia etdiyi, lakin müxalifət lideri Svyatlana Tixanovskaya və tərəfdarlarının saxtakarlığa yol verildiyini düşündüyü 2020-ci ilin avqust ayında keçirilmiş prezident seçkilərindən bəri on minlərlə belaruslu ölkədə mitinqlər keçirib.

Nümayişçilər Lukaşenkonun istefasını və yeni seçkilər keçirilməsini tələb edirdi. Təhlükəsizlik rəsmiləri minlərlə adamı həbs edib, Tixanovskaya və müxalifətin digər tanınmış fiqurlarını ölkəni tərk etməyə məcbur etmişdi.

Zorakılıq nəticəsində bir neçə etirazçı öldürülmüş və hüquq müdafiə təşkilatları həbs olunanların bəzilərinə qarşı işgəncə tətbiq edildiyinə dair etibarlı dəlil olduğunu bildirmişdi.

1994-cü ildən bəri Belarusu idarə edən Lukaşenko və digər yüksək vəzifəli məmurlar onu ölkənin qanuni lideri kimi tanımaqdan imtina edən Qərb tərəfindən sanksiyalara məruz qalıb.