Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəfat edib

Akademik Mahmud Kərimov

Onun ürək tutmasından vəfat etdiyi bildirlir
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Mahmud Kərimov vəfat edib.

AMEA-nın vitse-prezidenti Arif Həşimov APA agentliyinə bildirib ki, Mahmud Kərimov dünən gecə saatlarında dünyasını dəyişib. O, akademikin bir müddətdir ki, xəstəlikdən əziyyət çəkdiyini də bildirilib.

Agentliyin məlumatına görə, dünən günorta saatlarında M. Kərimovun vəziyyəti qəflətən pisləşib, onun ürəyində kəskin ağrılar başlayıb. Akademik dərhal Azərbaycandakı xəstəxanalardan birinə çatdırılsa da, onun təcili olaraq Türkiyəyə aparılmasına qərar verilib. Axşam saatlarında o, xüsusi təyyarə və həkimlərin müşayiəti ilə Türkiyəyə yola salınıb, lakin təyyarə havadaykən, M. Kərimov dünyasını dəyişib.

Əldə etdiyimiz son məlumata görə, M. Kərimovla vida və dəfn mərasimi sabah keçiriləcək.

Mahmud Kərimov 18 oktyabr 1948-ci ildə Ermənistan Respublikasının İrəvan şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirib.

Yarımkeçicilər və dielektriklər fizikası ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edib.

2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.