Azərbaycan Respublikası Baş Prokurorluğu “Hürriyyət” qəzetinə xəbərdarlıq edib

Bu barədə Prokurorluğun mətbuat xidməti məlumat yayıb

Azərbaycan Respublikası Baş Prokurorluğu “Hürriyyət” qəzetinə xəbərdarlıq edib.

Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, “Hürriyyət” qəzetində və həmin dövri mətbu nəşrin internet saytında dərc edilmiş müxtəlif başlıqlı məqalələrdə dövlət sirri haqqında, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinin kobud surətdə pozulmaqla Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura biləcək informasiyalar ictimailəşdirilib.

Prokurorluq bununla bağlı qəzetin baş redaktoru Vüqar Məmmədovun Baş Prokurorluğa dəvət edildiyini xatırladıb.

“Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsinə əsasən kütləvi informasiya vasitələrindən sui-istifadə olunmasına yol verilməməzliyi diqqətinə çatdırılmaqla, gələcəkdə qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilmişdir”deyə məlumatda deyilir.