Cəbrayıl köçkünlərinin apellyasiya şikayəti təmin edilməyib

Şirvan Apellyasiya Məhkəməsi Biləsuvar rayonunda etiraz aksiyası zamanı saxlanılan Cəbrayıldan olan 4 nəfər məcburi köçkünün həbsindən şikayəti təmin etməyib. Buna əsas kimi prokurorluğun məktubu göstərilib. Məktubda qeyd olunub ki, vəkil Elçin Sadıqov eyni vaxtda 4 müttəhimi müdafiə edir və guya bu, istintaq altında olanların maraqlarına ziddir.

2016-ci il dekabrın 22-də Biləsuvar rayonunda 11 qəsəbəyə elektrik enerjisinin verilməsinin kəsilməsilə əlaqədar sakinlər etiraz aksiyası keçiriblər.

Aksiya polis tərəfindən dağıdılıb. Beş iştirakçı polisə müqavimət göstərmək, iğtişaşlar törətmək, başqasının əmlakını məhv etmək ittihamları ilə həbs olunub.

Cəlal Quliyev, Zaur Feyruz, Gülağa Alməmmədov, Ülvi Quliyev və İlkin İsgəndərov həbs olunub. Onlar Cəbrayıl köçkünləridir. Elçin Sadıqov onlardan dördünü (Alməmmədovdan başqa) müdafiə edir.

E.Sadıqov Amerikanın Səsinə bildirib ki, Baş Prokurorluğun Ağır Cinayətlər' dair İşlər üzrə İstintaq İdarəsi məhkəməyə məktub göndərib ki, bir vəkil 4 müttəhimi müdafiə edə bilməz, bu, onlar arasındakı maraqlara ziddir.

E.Sadıqovun sözlərinə görə, müttəhimlərin maraqları arasında heç bir ziddiyyət yoxdur. Çünki onların hamısı cinayət törətdiklərini inkar edir və bildirirlər ki, polisə daş atmayıblar, ziyan vurmayıblar.

Onun fikrincə, əslində prokurorluğun məktubu müttəhimlərin müdafiə hüququnu pozur. İstintaqın məqsədi həbs olunanları apellyasiya şikayəti vermək imkanlarından məhrum etməkdir.

Şirvan Apellyasiya Məhkəməsi prokurorluğun məktubuna əsaslanaraq apellyasiya şikayətinin məqbul olmadığını tanıyıb.

Vəkil Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin hərəkətinin qanunsuz olduğunu və bu qərardan şikayət vermək niyyətində olduğunu bildirib.