Şəki Apellyasiya Məhkəməsi jurnalist Əfqan Muxtarlının şikayətini təmin etməyib. Prosesə hakim Rafael Əliyev sədrlik edib.
Müdafiə tərəfi Şəki Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verəcəyini bildirib.
Apellyasiya şikayətində Balakən rayon Məhkəməsinin jurnalisti 6 il həbsə məhkum edən hökmünə xitam və Əfqan Muxtarlıya bəraət verilməsi istənilib. Məhkəmə baxışı qismən məhkəmə istintaqı ilə keçirilib.
Jurnalist Əfqan Muxtarlı 2017- ci il mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etməkdə ittiham olunub.
Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.
Bakıda rəsmi qurumlar iddia edib ki, Əfqan Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil.
Bu ilin yanvarında o, məhkəmənin hökmü ilə 6 il həbs cəzası alıb.
Əfqan Muxtarlı ittihamları rədd edərək, Gürcüstandan qaçırılmasını və Azərbaycandakı həbsini "siyasi sifariş" adlandırıb.
Bu gün keşirilən məhkəmə iclasında Muxtarlı hakim heyətinə xitabən bildirib ki, insanı başqa varlıqlardan fərqləndirən əsas xüsusiyyətlərdən biri vicdandır.
“Çalışın, vicdanlı olun. Prezident Administrasiyasından gələn sifarişlə yox, vicdanla qərar verin ki, sabah bu iş Avropa Məhkəməsinə gedəndə pis vəziyyətə qalmayasınız”, o qeyd edib.
Məhkəmədə zərəçəkən kimi tanınmış Qafur Məmmədov dindirilərkən onunla Əfqan Muxtarlı arasında mübahisə yaranıb.
Məmmədev deyib ki, Əfqan Muxtarlı sərhəddi keçərkən onu vurub və səhəri gün həkimə gedib müayinədən keçib.
Muxtarlı sual edib ki, Məmmədov ertəsi gün Bakıda onunla üzləşmədə olubsa, Balakəndə necə həkim müayinəsindən keçib?
Bundan sonra tərəflər arasında mübahisə yaranıb və hakim jurnalisti məhkəmə zalından çıxarıb.
Məhkəmədə vəkil Elçin Sadıqov ondan çox vəsatət verib. Vəsatətlərin heç biri təmin olunmayıb.
Bundan sonra zala qaytarılan Əfqan Muxtarlı çıxış edib. O ittihamların saxta olduğunu, Gürcüstandan oğurlanıb gətirildiyini və Əliyevlər ailəsinin biznesilə bağlı araşdırmalarına görə cəzalandırıldığını sədrlik edənin diqqətinə çatdırıb.
Jurnalist vəkili Nemət Kərimlinin onunla bağlı mediada açıqlamalarına görə bir il müddətinə vəkillikdən uzaqlaşdırılmasından da danışıb. O vəkillərin cəzalandırılması ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib, onları vəkilləri müdafiə etməyə çağırıb.
“Siyasi məhbusları, haqsız həbs olunanları müdafiə edən vəkilləri bir-bir uzaqlaşdırırlar. Xalid Bağırov, Yalçın İmanov, Fəxrəddin Mehdiyev, Əsabəli Mustafayev, Nemət Kərimli. Bu məsələni diqqətdən kənarda qoymaq olmaz”, o qeyd edib.
Prokuror apellyasiya şikayətinin təmin olunmamasını istəyib və hakim hökmü qüvvədə saxlayıb.