Mayın 5-də Turan İnformasiya Agentliyinin 30 illiyi tamam oldu. "Turan" Agentliyinin rəhbəri Mehman Əliyev Amerikanın Səsinə müsahibəsində pandemiya dövründə yeni çağırışlar və Azərbaycanda medianın durumundan danışıb.
Günün çağırışları
“Ümumiyyətlə, maraqlı bir dövrə girmişik. "Turan"ın 30 ili bu permanent dəyişikliklər, böhranlar cürbəcür sahələrdə baş verir və biz sanki 30 ildir çarpışırıq bu ölkə ilə, cəmiyyətlə bir yerdə...İndi məsələn görürük ki, korrupsiya ilə bağlı mübarizə başlayıb, yeni bir mərhələ, hansısa tutatutdur. Çox maraqlıdır bunun arxasında nələr durur. Bu yaxınlarda biz Xudafərinlə bağlı müzakirələr apardıq. Bizdə də yazılar gedib. Mən indi hazırlaşıram yazı yazım bu sahədə. Yəni çağırışlar çoxdur və belə deyək, 30 yaşa baxmayaraq, biz elə bil sanki 30 il bundan qabaqkı vəziyyətdəyik, elə həmin gərginlik, həmin dəyişikliklər, çox çevik hər şey dəyişir və mən hesab edirəm ki, biz də dəyişirik.”
Azərbaycan haqda obyektiv informasiya yox idi
“Turan"-ın yaranmasına təkan verən 20 yanvar hadisələri oldu. Mən o vaxt Azərinform-da işləyirdim, indiki Azərtac, TASS-ın bölməsi idi Azərbaycanda. 20 yanvar, yəni sovet ordusunun Azərbaycana, Bakıya girməyi və törətdikləri cinayətlər göz qabağında idi. Mən bunların hamısını görürdüm, özü də mən hüquqi-hərbi şöbənin müdiri idim. Yəni mən bütün hadisələrin içində idim, hər şeyi görürdüm. Və buna etiraz olaraq mən işdən çıxdım və məncə məndən başqa bir jurnalist yox idi ki, hətta başqa kütləvi informasiya vasitələrində ki, onlar istefa versin, ərizə yazsın işdən çıxsın. Və mən bunu elədim və mən başa düşdüm ki, Azərbaycanda mütləq müstəqil informasiya vasitəsi yaratmaq lazımdır. Yəni bu Moskvanın nəzarətində olan informasiya kanalları ilə biz heç bir şeyə nail ola bilmərik. O zaman bilirsiniz ki, artıq Qarabağ olayları başlamışdı, demokratik hərəkat başlamışdı və dünyada bu maraq kəsb edirdi, hamı maraqlanırdı. Və bizim üçün də vacib idi ki, Azərbaycandan gedən xəbərlər obyektiv, düzgün, həqiqəti əks etdirən məlumatlar olsun. Yəni beynəlxalq cəmiyyəti düzgün məlumatladırmaq. Məsələn mən sizə bir şey deyim ki, təəssüflər olsun 20 yanvar olanda ABŞ o vaxt ordan səslənən bəyanatda əslində Qorbaçova dəstək kimi səslənirdi. Çünki onlar deyirdilər ki, orda islam terroristləri, islam radikalları, halbuki bu, Azərbaycanda yox idi. Elə bir vəziyyət yox idi. Təəssüflər olsun ki, informasiya onlarda mən belə başa düşürəm ki, o qədər də düzgün deyildi, yəni verilmirdi. Verilirdi Moskva tərəfindən traktovkalar və ona görə də bax belə reaksiyalar var idi. Ona görə də bax bu, təkan verdi "Turan"-ın yaranmasına. Bundan hər şey başlandı.”
Həbsim "Turan"-a qarşı kampaniyanın məntiqi nəticəsi idi
“Ən pis hadisə əlbəttə 2017-ci il mənim həbsim və "Turan"ın artıq hakimiyyət tərəfindən verilmiş "Turan"ı məhv eləmək qərarı. Çünki uzun illər idi ki, bizi ya almaq istəyirdilər, ya qorxudurdular, ya bağlamaq istəyirdilər. Bunlar həmişə olub, təzyiqlər altında işləmişik. Amma o vaxt bir tərəfdən, təəssüflər olsun ki, bir tərəfdən onlar bu addımı atdılar. Mən hesab edirəm ki, biz ona layiq deyildik. Amma çox şad idim ki, beynəlxalq dəstək və birinci növbədə əlbəttə ki, Amerika Birləşmiş Ştatlarının rolu kifayət qədər böyük oldu bu məsələlərdə ki, biz işimizi bu gün də davam edə bilirik...
Əslində, bu, hakimiyyətin mediaya qarşı, azad mediaya qarşı uzun illər aparılan siyasətinin məntiqi nəticəsi idi..sıradan çıxartdılar, kimisə aldılar, çoxlarını aldılar. Kimlərisə sadəcə olaraq demək olar ki, krizis vəziyyətinə salıb bağlatdırdılar. Xeyli qəzetlər bağlandı və getdi. Ölkədən çıxdılar getdilər. Bunu başqaları qiymətləndiriblər, yəni Vaşinqtondan gələn bir qiymətləndirmədir ki, son demək olar ki, azadlıq qalası Azərbaycanda informasiya agentliyi, bu qiymətləndirmə xaricdən gəldi və xaricdən bəlkə də belə görünürdü. Əslində vəziyyət bu idi. Və mənlə axı ərəfədə danışıqlar apardılar, təkliflər verdilər, çox gözəl təkliflər verdilər, yüksək səviyyədə təkliflər verdilər ki, `gəlin biz şərait yaradaq, yəni, bizlə işləyin`. Mən də qayıtdım dedim ki, `bu məmləkətə, bu dövlətə, ölkəyə müstəqil informasiya vasitələri lazımdır. Yəni, olmaz bunu eləmək, mən buna heç vaxt getmərəm`. Bax bu `yox` demək o qərar verildi ki, artıq "Turan"ı sıradan çıxarmaq. Çünki əslində hakimiyyəti nə narahat edir, nə qıcıqlandırır. Həqiqəti yazmaq. Düzgünü yazmaq. Obyektiv olmaq. Onlara bu lazım deyil. Mən bir şeyi qeyd edim ki, birinci növbədə Azərbaycanda müxalifət mediası çökdürülmədi. Müxalifət mediası sonra çokdürüldü. Əvvəl çökdürülməyə başladılar müstəqil mediaları. Söhbət ondan gedir, çünki müstəqil medianın yaydığı fikirlər, baxışlar geniş cəmiyyət tərəfindən qəbul olunur.”
Cəmiyyət və media
“Mən artıq bunu demişəm, əgər biz istəyiriksə, cəmiyyətdə nəyisə dəyişmək biz mediadan başlamalıyıq. Bütün islahatlar, bütün dəyişikliklər hətta mən belə deyərdim, uğurlar, uğurlu qərarlar bunlar hamısı medianın azadlığından başlayır. Çünki azad söz demək olar ki, cəmiyyətin təməlidir və hər şey burdan başlayır. Əgər azad söz yoxdursa və mən bunu demişəm ki, Azərbaycanda yaranmış böhranlı vəziyyətlər ona görə baş verir ki, Azərbaycanda azad media susdurulub yoxdur, azad cəmiyyət yoxdur. Yəni bunlar olsaydı onda hökumətlə təmas olardı, hökumətə nəzarət olardı, hökumətin məsuliyyəti olardı. Bilirsinizmi, bunlar hamısı itib. Və əgər biz bunları bərqərar eləməsək, bu azadlıqları verməsək, biz heç vaxt bu böhranlardan çıxa bilməyəcəyik. Çünki yenə də voluntarist demək olar ki, qərarlar veriləcək, səhv addımlar atılacaq, cəmiyyətlə hesablaşmayacaq, cəmiyyətlə yalnız o vaxt hesablaşmağa başlayıblar ki, cəmiyyət etiraz olaraq küçələrə çıxır, tələblər verir, onda nəsə eləməyə başlayırlar. Yəni bu belə olmamalıdır. Ona görə də mən şəxsən hesab edirəm ki, mən o vaxt inanaram ki, Azərbaycanda ciddi dəyişikliklər baş verir, ola bilir, haçan ki hökumət azad medianın institut kimi bərqərar olması planını ortalığa qoyacaq. Mən hələ ki, bunu görmürəm.”