Almaniya kansleri Angela Merkel Çini İranı nüvə silahı hazırlamağa dair ambisiyalarından əl çəkməyə inandırmaqla beynəlxalq ictimayyətə kömək etməyə çağırıb. Xanım Merkle bu açıqlamaları Çinə rəsmi səfərindən öncə verib.
Almaniya kansleri Pekində Çinin baş naziri Ven Tsiabao ilə görüşüb. Danışıqlar zamanı İran və avro zonasında borc böhranı da daxil olmaqla bir çox məsələlər müzakirə edilib.
Kansler Merkel müxbirlərə artıq Çin prezidenti Hu Cintao və baş nazir Ven Ciabao ilə İran barədə uzun sürən danışıqlar apardığını deyib.
Angela Merkel Çinin İrana qarşı yeni sanksiyalara çağırışları dəstəkləmədiyini etiraf edib. Lakin o deyib ki, Çin öz nüfuzundan istifadə edərək İrana dünyada nüvə silahına malik daha bir ölkənin olmasının mümkünsüzlüyünü anlatmağa kömək etməlidir.
Avropa İttifaqı ötən həftə İran neftinə embarqo qoyub. Çin İrandan ən çox neft alan ölkədir, lakin ötən iki ay ərzində İrandan neft ixaracını azaldıb. Ehtimal edildiyinə görə, buna səbəb iki tərəfin 2012-ci il müqaviləsinə dair qiyməti müzakirə etməsidir.
Tsinqua Universitetində Avropa tədqiqatları üzrə professor Tsanq Lihua deyib ki, Çin baş verənləri xarici ölkələrin İranın daxili işlərinə müdaxilə kimi qiymətləndirir və bu səbəbdən sanksiyaları dəstəkləmir.
Onun sözlərinə görə, Almaniya lideri Çinin İranla bağlı ən son mövqeyini öyrənməyə çalışır. Lakin Pekin sadəcə Avropa İttifaqına görə öz mövqeyini dəyişməyəcək.
Avro zonasında böhran narahatlıq doğuran daha bir məsələdir. Hökumətə məxsus araşdırma mərkəzində etdiyi çıxışı zamanı Almaniya lideri Çinin Avropada yüksək borc problemini həll etməyə kömək etmək imkanına malik olduğunu bildirib. Lakin bu barədə təfərrüatlara varmayıb.
Tsanq Çinin maliyyə məsələsində avropalılara necə kömək edəcəyini başa düşmədiyini deyir. O deyir ki, avro zonasına daxil ölkələrin əksəriyyəti inkişaf etmiş, Çin isə inkişaf etməkdə olan ölkədir. “Nəyə görə inkişaf etməkdə olan ölkə inkişaf etmiş ölkəni xilas etməlidir?”-deyə o əlavə edir.
Ekspertin sözlərinə görə, eyni zamanda, Avropa Çinin ən böyük ixrac bazarıdır və Pekin Avropada borc böhranının Çindən ixracatı təhlükə altına aldığını anladığını deyir. O, Çinin Avropada böhrana müdaxiləsini gözləmədiyini, lakin Çinin öz vəziyyətini nəzərə alaraq, Avropanın borclarının bir hissəsini müvafiq qaydada almaqda davam edəcəyini bildirib.
Cümə günü Xanım Merkel prezident Hu Tsintao ilə görüşəcək və Çin-Almaniya biznes forumunda iştirak etmək üçün ölkənin əsas ticarət şəhəri olan Quanqzouya səfər edəcək.