Milen Verveyer: Azərbaycanda qadınların durumu elə də unikal deyil [Audio]

ABŞ Dövlət Departamentinin dünya qadın məsələləri üzrə əlaqələndiricisi Milen Vevveyer

“Azərbaycanda parlamentdən başlayaraq kənd, icma səviyyəsinədək idarəetmədə qadınların rolu artırılmalıdır. Cəmiyyət daha çox oğlan istəyir”
Noyabrın 5-də ABŞ Dövlət Departamentinin dünya qadın məsələləri üzrə əlaqələndiricisi Milen Verveyer Azərbaycana səfəri ilə bağlı mətbuat konfransı keçirib.

Your browser doesn’t support HTML5

"Azəbaycanda qadın probleminə Amerika baxışı" reportajı


O, Azərbaycanda vətəndaş cəmiyyətini, hökuməti, akademik strukturları və ümumiyyətlə Azərbaycan cəmiyyətini təmsil edən qadınlarla görüşüb. Bu gün isə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri ilə, kiçik və orta sahibkar qadınlarla görüşəcək. Bu qadınların hamısı Dövlət Departamentinin Cənubi Qafqaz üzrə proqramlarında iştirak edib və Amerikaya səfərlər edib.

M.Verveyer həmçinin Azərbaycan Tarix Muzeyi ilə tanış olub. Azərbaycanın böyük şairi Nizamiyə aid sərgidə iştirak edib. “Nizami Gəncəvi hələ yüz illər öncə yazdığı poemalarında qadınlardan bəhs edib və cəmiyyətin inkişafında qadının vacib rolunu qeyd edib”, - o vurğulayıb.

Dövlət Departamentinin əlaqələndiricisi Azərbaycanda qadınlarla bağlı vəziyyətdən danışarkən deyib ki, “burada qadınların durumu elə də unikal deyil.

“Azərbaycandakı qadınların durumu müxtəlif ölkələrdəki vəziyyətlə eynidir. Qadınların siyasi həyatda rolu daha da artırılmalıdır. Burada parlamentdən başlayaraq kənd, icma səviyyəsinədək idarəetmədə qadınların rolu artırılmalıdır. Ailənin planlaşdırılması sahəsində qadınların rolu vacibdir. Çox təəssüf ki, Azərbaycanda abort məsələsində problem var. Cəmiyyət daha çox oğlan istəyir. Belə davam edərsə, bir müddətdən sonra qızlar azlıq təşkil edəcək və bu da problemə çevrilə bilər. Cəmiyyət bütövlükdə bu məsələyə diqqətlə yanaşmalıdır”, - o bildirib.

M.Verveyer deyib ki, Azərbaycanda anaların ölümündə faizlə götürsək azalma qeyd olunur: “Burada anaların ölümünün azalması ilə yanaşı gənc anaların sağlamlığının gücləndirilməsi də vacibdir. Analar sağlam olmalıdır ki, uşaqlarına lazımi qayğı göstərə bilsin”.

O, qlobal problemlərdən danışarkən deyib ki, əsas problemlər təhlükəsizlik, qlobal iqtisadi böhran, ətraf mühitin qorunması və idarəçiliklə bağlıdır. Qadınların bu problemlərin həllində iştirakı çox vacibdir: “Təbii ki, Azərbaycan və ya Amerikada qadınlar problemlərin həllində iştirak etmədiyi halda bu məsələlərin öhdəsindən gələ bilməz. Problemlərin həllində qadınların iştirakı çox vacibdir. Qadınların idarəçilikdə iştirak etdiyi cəmiyyətlər və ölkələr daha uğurlu inkişafa nail olur”.

M.Verveyer minilliyin əsas sosial problemləri kimi yoxsulluq, anaların ölümü, insanların aclıqdan ölümünü sadalayıb. “Bu problemlərin həllində qadınlar mühüm rol oynamalıdır. Dünya İqtisadi Forumunda da qadınların siyasətdə, təhsildə və iqtisadiyyatda bərabərliyinin təmin edilməsinin vacibliyi bildirilib. Hansı ölkələrdə qadınların hüquqları kişilərin hüquqlarına yaxındır həmin cəmiyyətlər hərtərəfli inkişaf edir”,- o bildirib.

O, Amerikanın Səsi radiosunun Yaxın Şərq regionunda və MDB məkanında, o cümlədən Cənubi Qafqazda demokratiya uğrunda mübarizələrdə təqiblərə məruz qalan qadınlara Amerika hökumətinin dəstəyi ilə bağlı sualının cavabında deyib ki, ərəb ölkələrində, MDB və Cənubi Qafqaz regionunda demokratiyanın inkişafında qadınların böyük rolu var.

“Bu regionlarda qadınların idarəçilikdə təmsilçilikdə elə də böyük rola malik deyil. Amerika istəyir ki, qadınlar təhsil və idarəetmə sahəsində daha çox nailiyyət əldə etsin. Bu sahədə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi proqramlar həyata keçirir. Biz hesab edirik ki, gənc xanımların təhsili ilə bağlı investisiyalar bu ölkələrə qoyulan ən yaxşı investisiyalardır. Təhsilli qadınlar cəmiyyətdə və ailədə öz yerini daha tez tapa bilir. Amerika regionda demokratiya, səhiyyə, təhsil, iqtisadiyyat və vətəndaş cəmiyyətinin inkişafı sahəsində çoxsaylı proqramlar həyata keçirir”, - o qeyd edib.