İnsan alveri şübhəlisi İtaliyaya ekstradisiya edilib

Sudan insan alverində şübhəli bilinən şəxsi İtaliyaya ekstradisiya edib.

Bu haqda məlumatı İtaliyanın polis rəsmiləri paylaşıb.

35 yaşlı eritriyalı Medhani Yehdeqo Mered may ayında Xartum şəhərində həbs olunub. O, bir ildən çoxdur ki, axtarışda idi.

"Mered ən böyük insan alveri şəbəkəsi ilə məşğul olan şəxs hesab olunur" - deyə İtaliya polisi açıqlamasında bildirib.

Polis həmçinin deyib ki, onların əldə etdiyi telefon danışığı Meredin Şimali Avropa insan alveri şəbəkəsi ilə əlaqədə olduğunu göstərib.

Sudan rəsmiləri İtaliya və Britaniya kəşfiyyat agentləri ilə işləyərək Meredin həbs olunmasına kömək ediblər.

O, insan alverinə görə Afrikada həbs olunan və İtaliyaya ekstradasiya olan ilk şübhəlidir.