Azərbaycan İspaniya müğənnisinin Dağlıq Qarabağa səfərinə etiraz edir

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev

“Monserrat Kabalyenin Azərbaycanın müvafiq təşkilatlarının razılığı olmada işğal olunmuş ərazilərinə səfər etməsi qanunsuzdur”
Azərbaycanın İspaniyadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə opera müğənnisi Monserrat Kabalyenin işğal edilmiş ərazilərə qanunsuz səfəri ilə bağlı nota təqdim edib.

Monserrat Kabalye Azərbaycanın işğal olunmuş ərazilərinə iyunun 4-də səfər edib. O, iyunun 5-də Dağlıq Qarabağda yaşayan ermənilərin lideri Bako Saakyanla görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Amerikanın Səsinə bildirib ki, İspaniya müğənnisi Monserrat Kabalyenin Azərbaycanın müvafiq təşkilatlarının razılığı olmada işğal olunmuş ərazilərinə səfər etməsi qanunsuzdur.

“Onun belə qanunsuz səfəri həm də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlikdir, beynəlxalq hüquq normalarının kobud pozuntusudur. Bu cür səfərlər sul prosesinə yalnız və yalnız mənfi təsir edir”, o qeyd edib.