Norveç və Çin İslam Dövlətinin edamlarını qınayır

İslam Dövləti norveçli və çinli girovların öldürüldüyünü bildirib

Cümə axşamı Çin və Norveç İslam Dövləti qrupu tərəfindən girov saxlanılan vətəndaşlarının öldürülməsini qınayıb.

Çin prezidenti Şi Tsinpinq ölkəsinin terrorun bütün formalarının əleyhinə olduğunu deyib. Hökümət məsuliyyət daşıyan hər bir kəsi ədalətə cəlb edəcəyini vəd edib.

Norveçin baş naziri vətəndaşının İslam Dövləti tərəfindən öldürülməsini vəhşilik adlandırıb.

”İŞİD Ole Yohan Qrimsqaard-Ofstad-ı edam etdiyini iddia edir. Biz bunun doğru olduğunu təsdiqləmək üçün bir az gözləməliyik. Hazırda bu məsələ ekspertlər tərəfindən araşdırılır, amma yenə də xəbərin yalan olması ilə bağlı şübhələnməyə səbəb yoxdur.”

İslam Dövləti yaraqlıları onlayn Dabiq jurnalının əvvəlki buraxılışında göstərdikləri norveçli və çinli girovları öldürdüklərini bildirib.