Prezident Obamaya zəhərli məktub göndərən şəxs həbs edilib

ABŞ prezidenti Barak Obamaya zəhərli məktub göndərməkdə şübhəli bilinən şəxs Mississipi ştatında həbs edilib. ABŞ-ın Federal Kəşfiyyat İdarəsi Pol Kevin Kortisin çərşənbə günü gecə həbs edildiyini bildirib.

ABŞ-ın Ədliyyə Nazirliyi 45 yaşlı müttəhimə qarşı prezident və digərlərinin hədələnməsi ittihamı irəli sürüb.

Günahkar bilndiyi təqdirdə o, 15 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Federal Kəşfiyyat İdarəsinin jurnalistlərə açıqlamasında bildirib ki, aprel ayının 8-də cənab Obamaya, daha əvvəl isə senator Rocer Vikersə göndərilən eyni məzmunlu məktubların zərfləri üzərində Tennisi ştatının Memfis şəhərinin markası olub. Məktubda öldürücü risin maddəsi aşkar edilib.