Obama Amerika əsgərinin dəyişdirilməsi qərarını müdafiə edib

Bovi Berqdal

Birləşmiş Ştatlar prezidenti Barak Obama Əfqanıstanda həbsdə olan Amerika əsgərinin Quantanamo məhbəsindən 5 əfqan məhbusun azad edilməsi müqabilində dəyişdirilməsi ilə bağlı qərarını müdafiə edib.

Polşada səfərdə olan cənab Obama müxbirlərlə görüşü zamanı deyib ki, hər bir hərbiçisini müdafiə etmək Birləşmiş Ştatların müqəddəs borcudur. O əlavə edib ki, onun administrasiyası məhbus mübadiləsi ilə bağlı Konqreslə müzakirələr aparıb.

Taliban ABŞ hərbiçisi Bovi Berqdalı azad etdikdən sonra Quantanamoda olan 5 məhbus keçən bazar günü Qətərə yola salınıb. Mübadiləyə əsasən azad edilən 5 nəfər bir il müddətində Qətəri tərk edə bilməz.

Birləşmiş Ştatlar ordusunun Birgə Qərargahlar rəisi Martin Dempsi əsgəri azad etmək üçün belə bir mübadilənin doğru fikir olduğunu deyib.