Oqtay Gülalıyev: "Gəncə işi" ilə bağlı `yumşalmalar`ın davam edəcəyinə ümid edirəm

Your browser doesn’t support HTML5

Keçən il iyul ayında Gəncədə baş verən hadisələrlə bağlı həbs edilmiş şəxslərin valideynləri övladlarına bəraət verilməsi və işgəncə faktlarının araşdırılması tələbi ilə aksiya keçirib. Gəncə hadisələri zamanı həbs edilmiş şəxslər kütləvi iğtişaşların təşkilində və iğtişaşlarda iştirak etməkdə, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə ittiham edilir. Həbs edilmiş şəxslərin valideynləri Baş Prokurorluq idarəsində qəbul edildikləri zaman işgəncə hallarının araşdırılması, günahkarların məsuliyyətə cəlb olunmasını tələb edib. İşgəncə halları ilə bağlı iddialar Daxili İşlər Nazirliyi tərəfindən rədd edilib. Repressiyalar və İşgəncələr Əleyhinə Komitənin rəhbəri Oqtay Gülalıyev Amerikanın Səsinə müsahibəsində Gəncə hadisələri zamanı həbs edilən şəxslərin məhkəmə prosesləri, rəhbərlik etdiyi qurumun keçən ay açıqladığı hesabatı və rəsmilərin reaksiyalarından danışıb.

Oqtay Gülalıyev artıq bir neçə qrup üzrə məhkəmə proseslərinin yekunlaşdığı və Apellyasiya Məhkəməsində `yumşalmaların` müşahidə edilidiyini bildirib. Lakin onun sözlərinə görə, valideynlər həbs cəzalarının azaldılması ilə razılaşmalayraq, övladlarına bəraət istəyiblər.

Oqtay Gülalıyevin rəhbərlik etdiyi Repressiyalar və İşgəncələr Əleyhinə Komitənin iyul ayında “Gəncə işi – terror, təxribat və ya ictimai etirazlar. Reallıqlar və uydurmalar” adlı hesabatının hazırlanması zamanı məhkəmə proseslərinin monitorinqləri, müttəhimlərin ailələri və vəkillərlə ilə söhbətlər əsasında əldə edilmiş məlumatlara istinad edildiyini qeyd edib.

“Hesabat son altı ay ərzində hazırlanıb. Bizim nümayəndələrimiz bu hesabatın hazırlanması və işin obyektiv və hərtərəfli monitorinqi üçün “Gəncə işi” ilə bağlı keçirilən 70-dən çox məhkəmə prosesində iştirak ediblər. Bütün qeydləri özümüz toplamışıq, əldə etmişik. Məhkəmə prosesində təqsirləndirilən şəxsləri dinləmişik, dövlət ittihamçısını, vəkilləri dinləmişik, təqsirləndirilən şəxslərin valideynləri ilə görüşmüşük. Eyni zamanda, ittiham aktı ilə tanış olmuşuq. Məhkəməsi başa çatan digər qrupların məhkəmə hökmləri ilə tanış olmuşuq. Eyni zamanda, mətbuatın xülasəsini əldə etmişik, izləmişik, təhlil etmişik. Şahidləri dinləmişik, polis əməkdaşlarının verdiyi ifadələrə qulaq asmışıq. Ən mühümü isə məhkəmə prosesində bir neçə rakursdan çəkilmiş orijinal video görüntülərə baxmışıq. O video görüntülərin əksəriyyəti ictimaiyyətə təqdim olunmayıb. Bizdə olan məlumata görə, bu görüntülərin bəziləri Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən çəkilib. Yəni bütün bu geniş, hərtərəfli araşdırmadan sonra biz bu hesabatı hazırlayıb yekunlaşdırmışıq.”

O bildirib ki, hesabatda “Gəncə işi” ilə bağlı çoxsaylı qanun pozuntularına yol verildiyi haqda nəticə çıxarılıb. “Hesab etmişik ki, “Gəncə işi” ilə bağlı çoxsaylı qanun pozuntularına yol verilib və çoxsaylı insanlar burada qanunsuz həbs olunublar, ifrat cəzaya məruz qalıblar və həbs olunan günlərdə ağır işgəncələrə məruz qalıblar. İşgəncələr zamanı insanlar müxtəlif ağır xəsarətlər alıblar, hələ bəziləri bu gün də aldıqları ağır xəsarətləri yaşayırlar. Eyni zamanda biz hesabatda ingəncə verən vəzifəli şəxslərin adının siyahısını dərc etmişik.”

Oqtay Gülaliyev hesabatda işgəncə halları ilə bağlı göstərilmiş informasiyaya rəsmi reaksiya haqda danışaraq, Daxili İşlər Nazirliyi və Baş Prokurorluqda rəsmilərlə görüşlərini qeyd edib. “Mən "Gəncə işi”ndə yol verilən çoxsaylı pozuntuları onların diqqətinə çatdırmışam. Onlar isə istintaq tərəfindən tərtib edilən ittiham aktlarını müdafiə ediblər. Təxminən bizim hər iki görüşdə ayrı-ayrılıqda iki saata yaxın söhbətimiz olub və söhbətlərdə qarşılıqlı müzakirəmiz və bəzən də mübahisə xarakterli fikirlərimiz yer alıb. Mən öz mövqeyimdə qalmışam, onlar da öz mövqeyində qalıblar.”

Oqtay Gülaliyev “Gəncə işi” ilə bağlı həbs edilənlərin məhkəmə proseslərinin davam etdiyini bildirib. O, Gəncə hadisələri ilə bağlı məhkəmə proseslərində son zamanlar müşahidə edilən `yumşalmalar`ın davam edəcəyinə ümid bəslədiyini bildirib.

“Mən düşünürəm ki, Gəncə hadisələri ilə bağlı istintaq orqanlarının, məhkəmələrin, hakimiyyət orqanlarının bir sözlə desək, `yumşalması` və geriyə addım atması bu ictimai təpkinin bir nəticəsidir. Məhkəmələr davam edəcək. Biz məhkəmələri izləyirik. Mətbuat izləyir, Azərbaycanda fəaliyyət göstərən ictimai-siyasi təşkilatların nümayəndələri izləyir. Bəzən səfirlik nümayəndələri bu məhkəmələrə gəlirlər. Ümid edək ki, bu proseslər davam edəcək bizim tərəfimizdən. Və mən ümidvaram ki, `yumşalmalar` da davam edəcək hökumət tərəfindən. Çünki Gəncə işi ilə bağlı həbs olunan insanların böyük əksəriyyətinin suçlu olmasına dair indiyə qədər ortaya heç bir tutarlı fakt, sübut qoyulmayıb. Və bu baxımdan mən ümidvaram ki, Gəncə işi ilə bağlı həbs olunmuş şəxslərin azadlığa çıxması istiqamətində işlər də davam etməlidir.”