Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin Pokrovsk şəhərinin mərkəzinə raket zərbələri endirib. Bu barədə vilayət hərbi administrasiyasının rəhbəri vəzifəsini icra edən İqor Moroz məlumat verib.
Rəsminin dediyinə görə, Rusiya hərbçiləri tərəfindən Pokrovska atılan raketlərdən biri həmin vaxt 50-dən çox işçi və ziyarətçinin olduğu Sosial Təminat İdarəsinin binasına düşüb.
Donetsk Vilayət Prokurorluğu zərbə nəticəsində bir nəfərin həlak olduğunu, 23 nəfərin müxtəlif dərəcəli bədən xəsarəti aldığını bildirib.
Donbass Realities-ə şərhində Pokrovski Şəhər Şurası Sosial Müdafiə Şöbəsinin rəhbəri İrina Bonzyuk deyib ki, ilk raket zərbəsindən sonra binadakı insanların çoxu birinci mərtəbəyə aparıldığı üçün daha çox qurbanın olmasının qarşısını almaq mümkün olub.
Ukrayna Milli Polisi yaralılar arasında Sosial Təminat İdarəsinin 9 əməkdaşı və 32 və 68 yaşlı iki ziyarətçinin olduğunu aydınlaşdırıb.
İdarənin məlumatına görə, Şəhər Sosial Müdafiə Söbəsindən əlavə, sosial infrastruktur obyekti, iki tibb müəssisəsi və iki yaşayış binası da atəşə tutulub.
İqor Moroz bildirib ki, Rusiyanın son 24 saat ərzində Donetsk vilayətinin Boqatır, Qornyak və Razdolovkanı atəşə tutması nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb.