Rusiya da Şimali Koreyanı raket sınağını həyata keçirməməyə çağırdı

Rusiya Şimali Koreyanın fəaliyyətləri barədə narahatlıq ifadə edən dövlətlərə qoşularaq Pxenyanı bu ay fəzaya raket buraxmaq planını həyata keçirməməyə çağırıb.

Şimali Koreya bildirib ki, raket orbitə Yeri müşahidə peyki aparacaq, ancaq böyük ehtimal var ki, Pxenyan bu yolla ballistik raket texnologiyasını sınaqdan keçirəcək.

Yaponiyanın müdafiə naziri Satoşi Morimoti ordunun hazır vəziyyətə gətirilməsi tapşırığı verib. Şimali Koreyanın raketi havaya buraxılsa, Yaponiya ərazilərini təhlükə qarşısında qoya bilər. Pxenyan oxşar sınağı bu ilin aprel ayında da həyata keçirməyə çalışsa da, cəhdi uğursuz alınmışdı.

Tokio Şimali Koreya ilə çərşənbə günü Pekində keçirilməsi planlaşdırılan ikigünlük danışıqları gözlənilən raket sınağı ilə bağlı təxirə salıb.