İraq rəsmilərinin bildirdiyinə görə, sabiq diktator Səddam Hüseynin siyasi davamçılarının fəaliyyətlərini dayandırmağa çalışan məsul rəsmilərdən birini qətlə yetirməkdə şübhəli bilinən şəxslər həbs edilib. Rəsmilər Əli Əl-Lamini keçən həftə öz maşınında qətlə yetirən şəxslərin Bağdaddan 20 km məsafədəki Tacidə həbs edildiklərini deyirlər. Şübhəlilər Əl-Lamini səsboğucu tapancalardan istifadə edərək, Bağdadın şərqində güllələmişlər.
2003-cü ildə Səddam Hüseynin Devrilməsindən sonra təsis olunan De-Bəsifikasiya Komitəsi "Bəəs" partiyası loyalistlərinin hakimiyyətə qayıtmasına qarşı yönəlib. Əl-Laminin səyləri məsul vəzifələrdən diskvalifikasiya edilən sünni azlığın nümayəndələri tərəfindən qəzəblə qarşılanırdı.