Rasim Musabəyov: Lavrovun təklifi aralıq statusu müəyyənləşdirirsə, müzakirə predmeti ola bilər [Video-Müsahibə]

Your browser doesn’t support HTML5

Rasim Musabəyov: Lavrovun təklifi aralıq statusu müəyyənləşdirirsə, müzakirə predmeti ola bilər

Milli Məclisin deputatı Amerikanın Səsinə müsahibəsində Rusiyanın təqdim etdiyi təkliflər barədə danışıb.

Milli Məclisin deputatı Rasim Musabəyov Amerikanın Səsinə müsahibəsində cəbhədə son durum, danışıqlar prosesi, Rusiyanın təqdim etdiyi təkliflər, müharibənin yenidən alovlanması riski ilə bağlı danışıb.

Amerikanın Səsi: Rusiyanın Minsk qrupunun həmsədrləri vasitəsilə münaqişənin nizamlanması barədə irəli sürdüyü yeni sənədin mahiyyəti nədən ibarətdir? Bu sənəd Madrid prinsiplərindən nə ilə fərqlənir?

Rasim Musabəyov: Əslində sənəddən söhbət getmir. Yeni təkliflər var ortalıqda, Madrid prinsiplərindən kənara çıxmayan sənəd, layihə var. Bu layihədə tərəflərin qəbul etmədiyi məqamlar var. Lavrov açıqladı, iki məsələ düyünlüdür - biri statusla bağlı, o birisi isə işğal olunmuş ərazilərdən erməni qoşunlarının çıxarılmasıdır. İndi onları elə şəkildə təkmilləşdirib təklif edirlər ki, tərəfləri qane etsin. Baxır hansı sənəd ortalığa gəlir və o, nə dərəcədə məqbuldur.

Amerikanın Səsi: Rusiyanın irəli sürdüyü yeni sənəd münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini ehtiva edə bilərmi?

Rasim Musabəyov: Əslində, bundan fərqli hər hansı sənəd Azərbaycan tərəfindən qəbulolunmazdır. Mənə elə gəlir ki, bu kifayət qədər sizin sualınıza cavabdır.

Amerikanın Səsi: Rusiyanın 2011-ci ildə irəli sürdüyü təklifləri Azərbyacan qəbul etməmişdi. Bəs, indi nə baş verib?

Rasim Musabəyov: Bəli, qəbul etməmişdi. Azərbaycanın o sənədə 10 qeydi var idi. İndi onların tam şəkildə olmasa da böyük hissəsi qəbul olunub, öz əksini tapdığı halda Azərbaycan bu təklifləri müzakirə edə bilər. Cənab prezident deyib ki, Rusiyanın son yanaşmalarında Azərbaycanı qane edən elementlər var.

Amerikanın Səsi: Azərbaycan hansı təklifləri verib?

Rasim Musabəyov: Orada həm referendumun vaxtı, onun hansı şəkildə keçirilməsi, iştirakçılarla bağlı bir çox məsələlər var ki, Azərbaycan onu qəbul etmir. Azərbaycan bütün məsələlərin müzakirəsini konstitusiyamız, beynəlxalq hüquq çərçivəsində olmasını tələb edir.

Amerikanın Səsi: Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıya səfəri zamanı Dağlıq Qarabağın ətrafındakı rayonaarın azad ediləcəyi və eyni vaxtda Dağlıq Qarabağa status veriləcəyi ilə bağlı bəyanat verib. Amma, o, detallara varmayıb. Detallar nə ola bilər?

Rasim Musabəyov: O, müvəqqəti status ola bilər. Ortada həm müvəqqəti aralıq statusdan, həm də son statusdan söhbət gedir. Əslində ermənilər təklif edir ki, son status o saat müəyyənləşsin. Onlar status demirlər, onlar istəyir ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının mexanizmi o sənəddə əksini tapsın. Azərbaycan buna heç zaman getməyəcək. Lavrovun təklifi aralıq statusun müəyyənləşməsindən keçirsə, bəli bu, müzakirə predmeti ola bilər.

Amerikanın Səsi: Münaqişənin nizamlanmasının Rusiya sülhməramlılarının münaqişə zonasına gətirilməsi və ya Rusiyanın Azərbaycan ərazisində hərbi baza yerləşdirilməsi ilə nəticələnəcəyi barədə fikirlər səslənməkdədir. Siz necə düşünürsünüz?

Rasim Musabəyov: Heç bir hərbi bazanın yerləşdirilməsindən söhbət gedə bilməz. Düşünürəm ki, Rusiya heç bu təkliflə Azərbaycana müraciət etməz. O ki, qaldı sülhməramlı qüvvələrə, bu məsələ ATƏT çərçivəsində öz həllini tapırsa, orada müəyyən qaydalar var. O qaydalar Budapeşt Sammitində müəyyənləşib ki, heç bir ölkənin ayırıcı qüvvələrin tərkibində 30 faizdən çox nümayəndəsi ola bilməz. O ki qaldı komandanlığa, o da ATƏT tərəfindən, ATƏT bayrağı altında həyata keçirilməlidir. Yox, münaqişənin həllini birtərəfli qaydada Rusiya həyata keçirəcəksə istisna etmək olmaz, bəli tərəflər nəyə razıdırsa, o qanundur və dünya tərəfindən qəbul ediləcək. Mənim izlədiyim qədər hələlik bu münaqişənin həlli (baxmayaraq ki, Rusiya özünü qabağa verir, ola bilsin ki, Rusiya prezidentinin moderatorluğu çərçivəsində həyata keçirilsin) ATƏT-in Minsk Qrupu çərçivəsində aparılır. Burada birtərəfli qaydada Rusiyanın sülhməramlılarından söhbət gedə bilməz.

Amerikanın Səsi: Ümumiyyətlə, Rusiyanın irəli sürdüyü sənəd münaqişənin nizamlanmasına gətirib çıxara biləcəkmi? Yəni, tərəflər Rusiyanın sənədini qəbul edəcəkmi? Yoxsa, müharibə yenidən alovlanacaq?

Rasim Musabəyov: İstisna edə bilmərəm. Yəni mənim düşüncəmə görə, yaya kimi bu münaqişənin həlli ilə bağlı döğrudan da dönüş olmadığı halda (ümumiyyətlə yenə də bu danışıqlar arxa plana keçəcək, dünyada hansısa yeni hadisələr olacaq, bunlar yaddan çıxacaq) mən istisna etmirəm ki, təmas xəttində yenə gərginlik artacaq, yenə də heç kəsin istəmədiyi geniş hərbi əməliyyatlara gətirib çıxara bilər. Ancaq, hələ imkanlar var ki, dönüş yaradılsın. Əlbəttə, birinci növbədə bütün diqqət 1993-cü ildən başlayan müharibənin nəticələrinin aradan qaldırılmasına yönəlməlidir. Yəni, işğal aradan götürülsün, müharibəyə son qoyulsun, təhlıükəsizlik təmin olunsun. Qalan məsələlər uzun müddət müzakirə olunub, həyata keçirilə bilər.