“Tərtər işi” üzrə zərərçəkənlərin sayı artır, bəraət alan var - hüquq müdafiəçisinin baxışı

Tərtər işi üzrə ölmüş şəxs

İctimaiyyət arasında “Tərtər işi” kimi tanınan cinayət işi ilə bağlı işgəncə faktları üzrə hazırkı anadək ümumilikdə 397 zərərçəkmiş şəxs müəyyən edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində bir qrup hərbi qulluqçunun cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib.

Məlumatda deyilir ki, əvvəllər dövlətə xəyanət ittihamı ilə barələrində cinayət təqibi aparılıb, lakin sonradan bu hal öz təsdiqini tapmamaqla, hərbi xidmət əleyhinə olan cinayətlərə görə məhkum olunan 16 şəxs barəsində 16 cinayət işi üzrə verilən apellyasiya protestləri təmin edilərək hökmlər ləğv edilib.

“Bununla yanaşı, əvvəllər dövlətə xəyanət ittihamı ilə barələrində cinayət təqibi aparılan, lakin sonradan bu hal öz təsdiqini tapmamaqla digər cinayətlərə görə məhkum olunan daha 10 şəxs barəsində 10 cinayət işi üzrə müəyyən prosessual pozuntulara yol verilməsi halları aşkar edildiyindən həmin işlər üzrə yekun məhkəmə qərarlarının ləğv edilərək işlərin əlavə istintaq aparılması üçün ibtidai araşdırmaya qaytarılması üçün məhkəmələrə apellyasiya protestləri verilib.”

Mətbuat xidməti bildirir ki, istintaqla mərhum Elçin Quliyevin əməlində hər hansı cinayət tərkibi müəyyən edilmədiyindən barəsindəki cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi haqqında qərar qəbul edilib.

“Cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşmasına əsaslı şübhələr müəyyən edilən Rəşad Niftəliyev, Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov, Polad Əzizov, Elçin Əliyev və İntiqam Məmmədov Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib, həmçinin Polad Əzizov istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilib.

Bununla yanaşı hazırda cəza çəkən Fuad Ağayev məhkum edildiyi hallardan başqa çoxsaylı zərərçəkmiş şəxslərə qarşı qanunsuz əməllərə yol verməsinə əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunub.”

Prokurorluğun məlumatında həbs edilənlərin hansı vəzifə daşıdıqları barədə məlumat verilmir. Eyni zamanda həbs edilən şəxslərin yaxınları və vəkilləri hələ açılqama verməyib.

“Tərtər işi” barədə qısa məlumat

Xatırladaq ki, son illərdə “Tərtər işi” ilə bağlı öldürülən, işgəncələrə məruz qalındığı iddia edilən, həbs edilən şəxslərin yaxınları istintaqın yekunlarına və məhkəmə hökmlərinə etiraz olaraq rəsmi qurumların binaları qarşısında çoxsaylı aksiyalar keçirib. Hüquq müdafiəçiləri, müxalif siyasi partiyalar hüquq mühafizə orqanlarını və hökuməti obyektiv araşdırma aparmağa çağıran bəyanatlarla çıxış edib.

2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə və Daxili İşlər nazirlikləri birgə bəyanat yayıb. Onlar Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxsin həbs edildiyini bildirib. Birgə açıqlamada qeyd edilib ki, Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.

Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmə zaman işgəncə nəticəsində vəfat etdiyi ilə bağlı iddialar yayılıb. Baş Prokurorluq həmin iddiaların yer aldığı bəzi saytların rəhbərlərini çağıraraq onlara rəsmi olmayan bu məlumatları yaydıqlarına görə xəbərdarlıq edib.

Rəsmi qurumlar bu prosesdə nə qədər şəxsin həbs edildiyi, onlardan ölən olub-olmadığı və məhkəmə qərarları ilə bağlı hər hansı açıqlama verməyib.

Məhkəmə prosesləri də əsasən, qapalı keçirilib.

AŞPA: İşgəncələr nəticəsində 11 nəfər ölüb

2021-ci il iyunun 26-da Avropa Şurası Parlament Assambleyasının 24 üzvü Azərbaycanda işgəncələrin araşdırılması təşəbbüsü ilə çıxış edib.

Sənəd müəllifləri “Tərtər işi”ndə miqyaslı işgəncələr faktı ilə əlaqədar araşdırmanın zəruriliyini bildiriblər. Belə ki, 200-dən artıq hərbçi bu işin qurbanı olub, onlardan 11-i vəfat edib.

"Parlament Assambleyası Azərbaycanda işgəncələrə və qeyri-insani rəftara dair məlumatların sayının artmasından narahatdır. Məsələn, 2017-ci ildə Azərbaycanın cəbhə bölgələrindən olan 1000-dən çox hərbçi və mülki şəxs casusluqda və dövlət xəyanətində şübhəli bilinərək saxlanılıb. Onların barəsində 200-dən çox cinayət işi açılıb, onların çoxu işgəncələrə və qeyri-insani rəftara məruz qalıb. 2017-ci il mayın 1-dən 17-dək işgəncələr nəticəsində 11 nəfər ölüb.

25 nəfər işgəncə altında dindirmə zamanı əldə edilmiş məlumatlar əsasında dövlətə xəyanətə görə mühakimə olunub və yeddi ildən iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

İşgəncə altında qətlə yetirilmiş 11 nəfərdən 5-i ölümündən sonra bəraət alıb. Azərbaycan hakimiyyəti guya işgəncələrə və qeyri-insani rəftara məruz qalmış 135 nəfərdən yalnız 102-ni zərərçəkmiş kimi tanıyıb. Lakin heç kim dəyən zərərə görə kompensasiya almayıb," sənəddə deyilir.

Nəhayət, bu il noyabrın 1-də Azərbaycanın Hərbi prokuroru Xanlar Vəliyev bildirib ki, “Tərtər işi”ndə təkcə işgəncə işi üzrə 100-dən çox şəxsə müxtəlif formada fiziki zorakılıq həyata keçirilib.

Rüfət Səfərov: Hakimlərin bilə-bilə ədalətsiz ittiham hökmləri çıxarması cinayət məsuliyyəti yaradır

Hüquq Müdafiəçisi Rüfət Səfərov Amerikanın Səsinə deyib ki, “Tərtər işi” üzrə ədalətsiz hökm, qətnamə, qərardad və qərar çıxaran hakimlərin barəsində də hüquqi məsuliyyət tədbiri seçilməlidir.

“Çünki həmin iş üzrə məhkəmə instansiyalarının ayrı-ayrı hakimləri bilə-bilə ədalətsiz ittiham hökmləri çıxarıblar ki, bu da Cinayət Məcəlləsinin 295.2-ci (Bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və qərar çıxarma ağır nəticələrə səbəb olduqda- 5 ildən 8 ilədək həbs nəzərdə tutur) maddəsi ilə cinayət tərkibi yaradır. Çünki azadlıqdan məhrum etmə barədə məhkəmənin çıxardığı qanunsuz hökmlər ağır nəticələrə səbəb olub. “Tərtər işi” üzrə qanunsuz olaraq tutma, həbsə almanı və ya həbs yerində saxlayan istintaqçılar da cinayət məsuliyyətinə cəlb edilməlidir, işin hallarına uyğun olaraq Cinayət Məcəlləsinin 291.1 (Qanunsuz olaraq cinayət məsuliyyətindən azad etmə- 2 ildən 5 ilədək həbs nəzərdə tutur), ya da 292.2-ci müddəsi üzrə ittiham elan edilməlidir.”

Baş Prokurorluğun istintaqla bağlı məlumatına gəlincə hüquq müdafiəçisi “hazırkı hökumətin, müstəqil olmayan istintaq və məhkəmə hakimiyyətinin dövründə” “Tərtər işi” üzrə tam, hərtərəfli və obyektiv araşdırmanı gözləmədiyni bildirib.

“Daxili auditoriyanın, xarici siyasi və hüquqi güc mərkəzlərinin, xüsusilə, BMT-nin İşgəncələr Əleyhinə Komitəsinin, AŞPA-ının Hüquq Komitəsinin, 25 deputaının adekvat mövqe sənədləri Azərbaycan hökumətini vadar etdi ki, “Tərtər işi” üzrə istintaqı təzələsin. Düzdür, bir neçə aşağı rütbəli vəzifəli şəxs barəsində məsuliyyət tədbirləri görülüb, heç bir ictimai təhlükəli əməl sahibi olmayan hərbçilər bəraət alıb, lakin əsas fiqurlar hələ də sərbəstdirlər. Bir halda ki, eyni yüksək rütbəli şəxslər bu gün iş başındadır, özlərinin törətdiyi, ya da sifariş verdikləri cinayətlər üzrə dürüst araşdırma aparılmasına göstəriş verməzlər,” o qeyd edib.