Rusiyanın İstintaq Komitəsi Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru və hakimlərinə qarşı cinayət işi açıb

Rusiyanın İstintaq Komitəsi Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokuroru və hakimlərinə qarşı cinayət işi açıb. Bu barədə idarənin saytında məlumat verilib.

Keçən həftə Beynəlxalq Cinayət Məhkəməsi prezident Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib.

Komitə bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan Rusiya vətəndaşlarının həbsinə göstərişin verilməsi üçün vəsatət göndərib. Buna əsaslanaraq komitə hakimlər Tomoko Akane, Rosario Salvatore Aitala və Sercio Cerardo Uqalde Qodinezin prezidenti və uşaq ombudsmanın həbsi ilə bağlı "qeyri-qanuni qərar" qəbul etdiyini bildirib.

Hesabatda "Cinayət təqibi aşkar şəkildə qanunsuzdur. Belə ki, cinayət məsuliyyətinə heç bir əsas yoxdur. Beynəlxalq səviyyədə müdafiə olunan şəxslərə qarşı cinayətlərin qarşısının alınması və xarici dövlətlərin yurisdiksiyasının cəzalandırılması haqqında 14 dekabr 1973-cü il tarixli Konvensiyasına uyğun olaraq dövlət başçıları mütləq toxunulmazlıq hüququna malikdirlər" deyilib.

Rusiya İstintaq Komitəsi Beynəlxalq Cinayət Məhkəməsinin prokurorunu "təqsirsiz şəxsi bilərəkdən cinayət məsuliyyətinə cəlb etməkdə", habelə "beynəlxalq münasibətləri mürəkkəbləşdirmək məqsədilə xarici dövlətin nümayəndəsinə hücumda" ittiham edib.

Rusiya müstəntiqləri hakimlərə qarşı "bilərəkdən qanunsuz həbs, habelə xarici dövlətin nümayəndələrinə hücuma hazırlıqda" ittiham irəli sürüb.

Beynəlxalq Cinayət Məhkəməsi Putini Ukraynanın işğal olunmuş ərazilərindən uşaqların Rusiyaya qanunsuz deportasiyasına görə məsuliyyət daşıdığlnı bildirib. Məhkəmənin dediyinə görə, Rusiya Federasiyası prezidentinin buna görə şəxsən məsuliyyət daşıdığını demək üçün "ağıabatan əsaslar" var. Ombutsman Lvova-Belova da oxşar cinayətlərdə şübhəli bilinib.

Putin artıq "Roma Statusu"nu ratifikasiya etmiş ölkələrə və məhkəmənin yurisdiksiyasını tanıyan ölkələrə (123 ölkə) gedə bilməz. Bunlar bütün Avropa ölkələri, bütün Cənubi Amerika (Rusiyanın Venesuela kimi müttəfiqləri də daxil olmaqla), Tacikistan, Əfqanıstan, Braziliya, Cənubi Afrika Respublikası, Mərkəzi Afrika Respublikası, Nigeriyadır.