Rusiyanın hücumü nəticəsində daha üç ukraynalı mülki vətəndaş ölüb, 38 nəfər yaralanıb

Ukrayna müharibəsində ən son baş verən hadisələr:

  • Ukrayna ordusu Rusiyanın işğalı altında olan Baxmut şəhərinin cənubunda cəbhə xətti boyunca gedincə döyüşlərdə müəyyən irəliləyiş əldə etdiyini bildirir.
  • Prezident Volodimir Zelenski NATO sammitində müxbirlərə deyib ki, Ukraynanın uzun-mənzilli silahlara ehtiyacı var.

Rusiyanın son sutkada etdiyi hücumlar nəticəsində ən azı üç ukraynalı mülki vətəndaş həyatını itirib, 38 nəfər yaralanıb. Bu barədə cümə axşamı Ukrayna prezidentinin ofisi məlumat verib.

Kyiv hökuməti bildirib ki, Rusiya qüvvələri bir qismi işğal altında olan şərqdəki Donetsk bölgəsində Rusiyanın nəzarət etdiyi 13 şəhər və kəndi havadan zərbələr, raketlər və ağır artilleriya ilə hədəf alıb.

Bundan əlavə Ukrayna qismən Rusiyanın işğalı altında olan Zaporijye bölgəsində 21 nəfərin çərşənbə axşamı dron qalıqlarından xəsarət aldığını və Xersonda Rusiyanın açdığı atəş nəticəsində yanğınların baş verdiyini bildirib.

Bu arada isə Ukrayna rəsmiləri deyib ki, onların hava hücumundan müdafiə qüvvələri Rusiyanın Kyiv regionunu hədəf alan 20 İran istehsalı Şahid dronunu vurub. Ancaq onlar deyir ki, dronların qalıqları cümə axşamı səhər saatlarında paytaxtın dörd bölgəsinə düşərək, iki nəfərin qəlpə yarası ilə xəstəxanaya yerləşdirilməsinə səbəb olub, bir neçə evə ziyan vurub.

Daxili İşlər nazirliyi bildirib ki, yanğınsöndürənlər bir 16 mərtəbəli yaşayış binasında və bir digər binada yanğını söndürüblər. Bundan əlavə qalıqlar 25 mərtəbəli bir yaşayış binasının ön tərəfini əzib.

Bu, artıq ardıcıl olaraq üçüncü gecədir ki, Kyivə hücumlarda dronlardan istifadə olunur.

Bundan əlavə Ukrayna bildirib ki, raket hücumları nəticəsində Kyivin Ukraynanın cənubunda apardığı əks-hücum əməliyyatına qarşı Moskva qüvvələrinə rəhbərlik edən yüksək vəzifəli rus zabiti, general leytenant Oleq Tsokov həyatını itirib.

Ukrayna bildirib ki, Tsokov Ukrayna ordusunun çərşənbə günü Berdyansk şəhərinə Britaniyanın təmin etdiyi Storm Shadow raketi ilə zərbə endirməsi nəticəsində öldürülüb. Rusiya müdafiə nazirliyi Tsokovun ölümünü təsdiqləməyib.