Bu gün Sabirabad rayonunda yerli sakinlərin icazəli mitinqi keçirilib. Əhali ötən il baş vermiş daşqının nəticələrinin aradan qaldırılması ilə bağlı işlərin gedişindən narazıdır. Turan Agentliyinin məlumatına görə, mitinq Əsgərbəyli kəndində keçirilib. Aksiyada qonşu Qasımbəyli, Axtaçı və Camallı kəndlərinin sakinləri də daxil olmaqla 300 adam iştirak edib.
Mitinqə rayon İcra Hakimiyyətinin başçısı Heydər Abbasov da gəlib.
Sakinlər daşqının nəticələrinin aradan qaldırılması zamanı korrupsiya hallarına son qoyulmasını, dəyən ziyanın yenidən qiymətləndirilməsini, zərərçəkənlərə lazımi yardımın göstərilməsini tələb edib. Bu tədbirlər fermer təsərrüfatlarının bərpasını, evlərin inşasını və təmirini, infrastrukturun bərpasını və pul kompensasiyalarının verilməsini əhatə etməlidir.
İcra Hakimiyyəti başçısı bildirib ki, hökumətin qəbul etdiyi yeni qərar daşqının nəticələrinin aradan qaldırılması üçün əlavə tədbirləri nəzərdə tutur. O həmçinin deyib ki, Qasımbəyli kəndində yerli İcra Hakimiyyətinin nümayəndəsi Babaxan Ənnağıyev qanunçuluğu pozduğuna görə vəzifəsindən çıxarılıb və məsuliyyətə cəlb olunub.
Ötən bazar günü Sabirabad rayonunun Qasımbəyli kəndinin sakinləri prezident İlham Əliyevə müraciət ünvanlayıb. Müraciətdə korrupsiyaya qarşı mübarizənin dəstəkləndiyi bildirilir və bu yaşayış məntəqəsində rüşvətxorluğa son qoyulması xahiş olunur. Onlar bildiriblər ki, Babaxan Ənnağıyev daşqından zərərçəkənlərin evlərinin bərpası üçün onlardan rüşvət alıb.
Hökumətin rəsmi məlumatına görə, ötən ilin yazında Kür çayının daşması nəticəsində 20 min ev su altında qalıb. Hökumət 100 min hektar ərazidə bərpa işlərinin həyata keçirilməsi üçün 300 milyon manat ayırıb.
Hökumətin rəsmi məlumatına görə, ötən ilin yazında Kür çayının daşması nəticəsində 20 min ev su altında qalıb. Hökumət 100 min hektar ərazidə bərpa işlərinin həyata keçirilməsi üçün 300 milyon manat ayırıb.