Baş redaktora üç il şərti cəza verilib

Şirin Cəfəri

O 71 min manat vergi borcu da ödəməlidir
Gəncə şəhər Kəpəz Rayon Məhkəməsində “Gündəm xəbər” qəzetinin baş redaktoru Şirin Cəfərlini 3 il şərti olaraq azadlıqdan məhrum edib.

Şirin Cəfərli və vəkil Zaur Niftəliyev ittihamın əsassız olduğunu bildirib, məhkəmə heyətindən ittihamı əsassız hesab etməsini xahiş edib.

Buna baxmayaraq məhkəmə Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi (Vergi ödəməkdən yayınma) üzrə Şirin Cəfərli barəsində 3 il müddətinə azadlıq məhrum etmə cəzası seçib və məcəllənin 70-ci maddəsini tətbiq edərək cəza şərti hesab edib. Baş redaktor barəsində iki il sınaq müddəti təyin edilib. Həmçinin Ş.Cəfərlidən 71 min 400 manat vergi borcu tutulacaq.

Prokuror baş redaktora 5 il həbs istəmişdi.

2010-cu ilin mayında Mətbuat Şurası Şirin Cəfərli ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət edib. Bundan sonra Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və Vergilər Nazirliyi qəzetin fəaliyyətini araşdırıb.

“Gündəm Xəbər” qəzeti bir qayda olaraq tənqidi məqalələrlə çıxış edir. Qəzetdə hökumətin yüksək vəzifəli məmurları tənqid obyektidir.

Qəzetin baş redaktoru Şirin Cəfərli məhkəmədən öncə Amerikanın Səsinə bildirib ki, ittiham sifarişdir və sifariş yüksək vəzifəli dövlət məmuru tərəfindən verilib.