Avropa Şurasının baş katibi Tornborn Yaqlandın “The Guardian" qəzetində Azərbaycanda insan haqlarının vəziyyətinə dair məqaləsi dərc olunub.
Məqalə http://www.theguardian.com/commentisfree/2014/nov/03/azerbaijan-human-rights-uk-tory-echr "Azərbaycanda insan haqları: Bıçaq sümüyə dirənib. Birləşmiş Krallıq biganə qalmamalıdır" adlanır.
Məqalədə insan hüquqları və qanunun aliliyi sahəsində sistemli problemlər sadalanır ki, Bakı bunları tanımaq və düzəltmək istəmir.
Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində altı aylıq sədrliyi noyabrda bitir.
“Bu sədrlik QHT-lər və fəallar üçün imkan yaradırdı ki, 2012-ci ildə Bakıda Eurovision mahnı müsabiqəsi zamanı olduğu kimi ölkədə insan hüquqlarının pozulmasına dair məsələləri qaldırsınlar. Eyni zamanda Avropa Şurası bu pozuntulara qarşı çıxmaq üçün kifayət qədər az düşünüb, Yaqland bildirir.
Avropa Şurasının baş katibi yazır ki, bu ilin əvvəllərində Avropa İnsan Haqları Məhkəməsi tanınmış müxalifət siyasətçisi və şərhçisi İlqar Məmmədovun həbsi ilə Avropa İnsan Haqları Konvensiyasının pozulduğunu təsdiq edib.
“Bu ilin əvvəlində Avropa İnsan Hüquqları Məhkəməsi tanınmış müxalifətçi İlqar Məmmədovun saxlanmasının və həbsinin Avropa İnsan Hüquqları Konvensiyasının pozulması olduğunu təsdiqlədi.
Məhkəmə qərarı açıq şəkildə göstərdi ki, “həbsin əsl səbəbi hökuməti tənqid etdiyinə görə Məmmədovu cəzalandırmaqdır. Hakimiyyətin Böyük Palatada bu qərara etiraz cəhdləri rədd edilib və mən dərhal İ.Məmmədovu azad etməyə çağırmışam. Beləliklə, məhkəmə Azərbaycanın məhkəmə sistemində dərin sistemli problemlərin olduğunu göstərdi ", baş katib bildirib.
Məqalədə deyilir ki, Azərbaycan hökumətinin bu işin məhkəmənin Böyük Palatasına keçirilməsi barədə ricası rədd edilib.
T.Yaqland məqalədə xatırladıb ki, Avropa Şurasının 47 üzvü üçün məhkəmənin qərarlarının icrası icbaridir və o şəxsən Azərbaycan hakimiyyətini Məmmədovu ləngitmədən azad etməyə çağırıb.
"Belə kardinal məhkəmə qərarı Azərbaycan ədliyyəsində dərin kök salmış sistematik problemləri bir daha diqqət mərkəzinə gətirib", Yagland yazır.
Vətəndaş cəmiyyətinin vəziyyətinə toxunan Yaqland bildirib ki, Venesiya Komissiyasından olan ekspertlərə tapşırıb ki, Azərbaycanın QHT-lər haqqında qanunvericiliyini və onun İnsan Hüquqları Konvensiyasına uyğunluğunu öyrənsinlər.
Komissiyanın hüquqi rəyləri dünyada tanınır və üzv dövlətlər onlara məhəl qoymaya bilməz.
“Biz dəfələrlə Azərbaycanda insan hüquqlarının vəziyyətinin pis olması haqda xəbərdarlıq etmişik. Bu il insan hüquqları üzrə komissar Nils Muyjnieks ölkədə vəziyyətə dair hesabat dərc etdirib və hesabatda jurnalistlərə qarşı təqiblərdən, həbslərdən ciddi narahatlıq ifadə olunub.
Mujnieks bu yaxınlarda tanınmış fəallar Anar Məmmədli və Leyla Yunusa həbsxanada baş çəkib və Azərbaycanı hüquq müdafiəçilərinə qarşı repressiyalara son qoymağa çağırıb”, baş katib yazır.
Üç həftə əvvəl Azərbaycan prezidenti İlham Əliyev 80 məhbusu əfv edib. Onların arasında dörd hüquq müdafiəçisi var. Bu addım ABŞ və Avropa İttifaqı tərəfindən təqdir edilib.
O, qeyd edir ki, bu yaxınlarda prezident İlham Əliyevlə təmasda ola bilib və bu, 2008-ci ildən bəri Avropa Şurası ekspertləri ilə Azərbaycan rəsmilərinin ilk görüşündə baş verib. Onun sözlərinə görə, yeni yaradılmış işçiqrupu vətəndaş cəmiyyəti ilə Azərbaycan hakimiyyəti arasında yeni danışıqlar barədə təşəbbüslərdə bulunacaq və baş katib ümid edir ki, bu təmaslar daha çox fəalın azadlığa çıxmasına kömək edəcək.
Yaqland əlavə edir ki, Avropa Şurası Azərbaycan hakimiyyəti ilə ifadə azadlığı və ədliyyənin müstəqilliyinə dair layihələri ehtiva edən birgə hərəkət planı barəsində razılıq əldə ediblər.
Baş katib məqalədsində Britaniya ilə bağlı narahatlıqlarını da yazır. O qeyd edir ki, Birləşmiş Krallıq kimi ölkələr daxili səbəblərlə İnsan Haqları Məhkəməsinin yurisdiksiyasından çıxacağı ilə hədələyəndə, bunun Avropadakı gənc demokratiyalara çox mənfi təsiri olur.
Yaqland yazıb ki, Britaniyanın mühafizəkar hökumətinin Avropa Məhkəməsinin yurisdiksiyasından çıxmaq barədə tövsiyə xarakterli təklifləri qəbul olunsaydı, bu, heç şübhəsiz, insan haqlarına Birləşmiş Krallıqdan daha az sadiq olan rejimləri yalnız sevindirərdi.
Avropa Şurasının baş katibi yazır ki, Avropa onsuz da azlıqların haqları, ifadə azadlığı və ədliyyənin müstəqilliyi məsələləri ilə bağlı aşınmalara məruz qalır və bu qorxulu meylin qarşısı dərhal alınmalıdır.