REAL-çıların saxlanılması davam edir

REAL

Hazırda bununla bağlı aidiyyatı hüquq-mühafizə orqanlarından şərh almaq mümkün olmayıb

Referendumla bağlı yaradılmış və ilkin qeydiyyatdan keçmiş Respublikaçı Alternativ Təşəbbüs Qrupunun səlahiyyətli nümayəndəsi REAL-ın Səbail-Nəsimi Məclisinin sədri Toğrul İsmayıl və Təşəbbüs Qrupunun və REAL-ın Yasamal Məclisinin sədr müavini Elşən Qasımov polis tərəfindən saxlanılıblar.

Bu barədə REAL Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı Amerikanın Səsinə bildirib.

Azər Qasımlı hazırda vəkil vasitəsilə onların harda olduqları barədə araşdırıldığını deyib.

"Elşənin yaxınlarının dediyinə görə İçəri Şəhər metro stansiyası yaxınlığında avtomobilindən düşdükdən sonra mülki geyimli şəxslər tərəfindən saxlanılıb və hara apardıqları barədə məlumat verilməyib.

Hazırda bununla bağlı aidiyyatı hüquq-mühafizə orqanlarından şərh almaq mümkün olmayıb.

Qeyd edək ki, avqustun 12-si gecə saatlarında Nəsimi Rayon Məhkəməsi REAL Hərəkatının həmtəsisçisi Natiq Cəfərli barəsində 4 ay həbs-qətimkan tədbiri seçib. Natiq Cəfərliyə Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - bu əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Bu gün, avqustun 15-də Respublikaçı Alternativ (REAL) Hərəkatının icraçı katibi Natiq Cəfərlinin həbsindən apelyasiya şikayəti verib.