Bu gün bloger Aleksandr Lapşinin işi üzrə məhkəmə prosesində iki şahidin ifadəsi dinlənilib.
Şuşadan məcburi köçkün Eyyub Əbdüləzimov deyib ki, Lapşini KİV-də yayılan məlumatlardan tanıyır.
Lapşin müstəqil adamdır və istədiyi yerə səfər edə bilər. Amma bu, Azərbaycanın dövlət sərhədlərini pozmaq hesabına olmamalıdır.
«Azərbaycanın sərhədlərini pozmağa heç kimin ixtiyarı yoxdur. Bu adam Dağlıq Qarabağı müstəqil respublika kimi təqdim edib. Adamdan soruşmazlarmı ki, Dağlıq Qarabağ nə vaxtdan müstəqil olub? Dağlıq Qarabağ və ona bitişik ərazilər Azərbaycanın torpaqlarıdır. İndi həmin torpaqlar, həmçinin bizim ev-eşiyimiz, babalarımızın məzarı işğal altındadır. Belə bir vəziyyətdə Lapshin həmin əraziləri erməni torpaqları kimi təqdim edir», – şahid Abduləzimov belə deyib.
O, məhkəmədən xahiş edib ki, Lapşinə layiq olduğu cəzanı versin.
Digər şahid, Şuşadan məcburi köçkün Fəxrəddin Səfərov deyib ki,
Lapşinin Azərbaycan əleyhinə çıxışları barədə mətbuatdan bilir.
İstərdim ki, o, səhvini etiraf etsin. Ermənilər şəxsən məni qaçqın edib. Bundan ağır yük yoxdur. Belələri də gedib erməniləri müdafiə edir».
Sonra hakim Əlövsət Abbasov daha üç şahidin qaldığını elan edib.
Bundan əlavə, Lapşinin anasının ifadəsi qalır. Ancaq Azərbaycan qanunlarına görə, şahidin öz yaxın qohumlarının əleyhinə ifadə verməmək hüququ var.
Öz növbəsində vəkil Eduard Çernin Turan-ın müxbirilə söhbətində deyib ki, Lapşinin anası məhkəmədə çıxış etmək istəmir. O, Bakıya oğlunu görməyə gələcək.
Növbəti məhkəmə iclası iyulun 6-na təyin edilib.
İsrail, Rusiya, Ukrayna vətəndaşı olan Aleksandr Lapşin Azərbaycan prokurorluğu tərəfindən dövlət sərhədini qanunsuz keçmə, ərazi bütövlüyünə qarşı yönələn açıq çağırışlar etmə əməllərində ittiham olunub və 2016-cı il dekabrın 15-də Belarusun hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılıb. Bloger 2017-ci il fevralın 7-də Azərbaycana ekstradisiya edilib.