NATO-nun Baş katibi: Alyans müdafiə xərclərini iki dəfə artıracaq

NATO müdafiə xərclərini ikiqat artıracaq. Bunu NATO-nun baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.

Bundan əlavə, o, Şimali Atlantika Alyansının şərq cihanını gücləndirəcəyini və Rumıniya, Bolqarıstan, Macarıstan və Slovakiyada 4 döyüş qrupu yerləşdirəcəyini bəyan edib. Təfərrüatlar yayda Madriddə müzakirə olunacaq. Həmçinin, NATO Ukraynaya silah tədarükünü davam etdirmək və ölkəyə, o cümlədən kimyəvi, nüvə və kiber təhlükələrdən müdafiədə dəstəyi gücləndirmək qərarına gəlib.

Stoltenberq bildirib ki, alyans Çindən Rusiyanın Ukraynadakı müharibəsinə qarışmamağı xahiş edib, Belarusu isə Rusiya prezidenti Vladimir Putinə yardımı dayandırmağa çağırıb.

Reuters xəbər verir ki, ABŞ və müttəfiqləri Ukraynaya gəmi əleyhinə raketlər göndərmək planı hazırlayır.

“Biz Ukraynanı gəmi əleyhinə raketlərlə təmin etmək üçün müttəfiqlərlə məsləhətləşmələrə başlamışıq. Bunun həyata keçirilməsində texniki çətinliklər ola bilər, amma, biz bunun üzərində işləməyə və müttəfiqlərimizlə məsləhətləşmələrə başlamışıq” – deyə, ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi Brüsseldə keçirilən NATO sammiti ərəfəsində deyib.

“Əhval-ruhiyyə ümumiyyətlə ürəkaçan deyil, lakin sammit qətiyyət və birlik ruhunda davam edir” – deyə, adının açıqlanmasını istəməyən administrasiya rəsmisi əlavə edib.

NATO-nun baş katibi Yens Stoltenberq Rusiya prezidenti Putinin müstəqil, suveren dövlətə qarşı müharibəyə başlamasının “böyük səhv” olduğunu vurğulayıb.

"Putin Ukrayna xalqının gücünü, Ukrayna xalqının və onun silahlı qüvvələrinin cəsarətini lazımi səviyyədə qiymətləndirməyib və bu səbəbdən onlar gözlədiklərindən qat-qat güclü müqavimətlə üzləşirlər" – deyə, NATO-nun baş katibi deyib.

“NATO Ukraynaya özünü müdafiə etmək üçün görünməmiş dəstək verir. NATO müttəfiqləri də Rusiyanın Ukraynaya qarşı bu müharibəni maliyyələşdirmək imkanlarını azaltmaq üçün Rusiyaya qarşı görünməmiş sanksiyalar tətbiq edirlər. Və təbii ki, biz də bütün müttəfiqlərimizi qorumaq üçün addımlar atırıq” – deyə, Stoltenberq qeyd edib.