Dəməşqdə polis məntəqəsinə hücum olub

Suriya paytaxtı Dəməşqdə polis məntəqəsi yaxınlığında bomba partlayışı təxminən 14 nəfərin ölümünə səbəb olub.

Bu gün səhər baş vermiş partlayış nəticəsində paytaxtın Əl-Marje meydanı ərazisi dağılıb.

Dövlət televiziyası hadisədə terrorçu adlandırdığı intiharçıları təqsirləndirib və hadisədə əlavə 31 nəfərin də xəsarət aldığını deyib.

Suriya hökuməti prezident Bəşar Əl-Əsədi hakimiyyətdən devirmək uğrunda mübarizə aparan üsyançıları terrorçu adlandırır.

Britaniyada qərargahlanan Suriya İnsan Haqları Müşahidə qrupu ölənlərin sayının 15-ə çatdığı barədə məlumat verib. Onların əksəriyyəti polis zabiti olub.

2011-ci ilin martında Suriyada münaqişə başlanandan bəri Marje rayonu bir neçə dəfə bomba hücumlarına məruz qalıb. Aprel ayında orada törədilmiş partlayış 13 nəfərin ölümünə, 70 nəfərin isə yaralanmasına səbəb olub.