İranın ali dini rəhbərinə bağlı İanə və Xeyriyyə İşləri Təşkilatının Şərqi Azərbaycan şöbəsi avqust ayının 14-də Təbriz şəhərində “Şiə mədəniyyəti inkişafınının öncülü Təbriz” adlı qurultay keçirəcək.
Rasa xəbər agentliyinə istinadən, İranın bütün vilayətlərindən tanınmış siyasi şəxslər və şiə alimlərinin qatılacağı qurultay Təbriz böyük bazarının Müzəffəriyyə Sarayında qeyd ediləcək.
Bəzi güneyli siyasi ekspertlərin fikrincə, İran hakimiyyəti ötən illərdə türklük mehvəri üzərində güclənməkdə olan Azərbaycan Milli Hərəkatının nüfuzunu azaltmaq üçün İranın Azərbaycan vilayətlərində şiə kimliyini daha artıq möhkəmləndirmək istiqamətində geniş fəaliyyətlər yürütməkdədir.
İanə və Xeyriyyə İşləri Təşkilatının sədri Höccətül-İslam Seyyid Şəhabəddin Hüseyninin sözlərinə görə, dünyanın ən böyük örtülü bazarı olan Təbriz bazarı uzun illərdən bəri şiə dünyasında dini və siyasi hərəkatların formalaşması və davamlılığında önəmli rol oynamışdır.
İran İslam Respublikası ötən illərdə də Təbrizdə “Şiəliyin ilk paytaxtı Təbriz” adlı böyük qurultay təşkil edib.
Bəzi güneyli siyasi ekspertlərin fikrincə, İran hakimiyyəti ötən illərdə türklük mehvəri üzərində güclənməkdə olan Azərbaycan Milli Hərəkatının nüfuzunu azaltmaq üçün İranın Azərbaycan vilayətlərində şiə kimliyini daha artıq möhkəmləndirmək istiqamətində geniş fəaliyyətlər yürütməkdədir.
Ötən günlərdə Azərbaycan veb səhifələrində nəşr etdiyi yazısında İranın məzhəbi siyasətlərini təhlil edən təbrizli siyasi ekspert Umud Evrən şiəlik və irqçiliyi İrandakı istibdadın ən önəmli iki sütunu kimi dəyərləndirib.
Umud Evrən yazısında həmçinin son vaxtlarda İraqda məzhəbi münaqişələrin gərginləşməsi ilə bərabər sabiq İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Möhsün Rezayinin Azərbaycan xalqına müraciətinə işarə edib.
“Ey Azərbaycan xalqı, hazır olun ki, başqa bir aşura yaxındadır!” deyə Möhsün Rezayi Təbriz səfərində İraq olayları haqqında əhaliyə müraciət etmişdi.
Yurd Net saytı isə İraq hadisələri ilə bağlı nəşr etdiyi yazıda İran İslam Respublikasının bu hadisələrdən Azərbaycan şəhərlərində yürütdüyü siyasətləri istiqamətində istifadə etdiyini qeyd edib.
“Nədən bütün sözləri və addımlarında türklər və Azərbaycana düşmənlik edən Möhsün Rezayi kimiləri bu qədər Azərbaycana önəm verməyə başlayıblar...? Onların məqsədi həm Azərbaycandan İraqda savaşmaq üçün könüllülər göndərmək, həm də yenidən məzhəb məsələsini böyüdərək türkləri öz milli kimliklərindən uzaqlaşdırmaqdır,” deyə Yurd Net yazıb.