Daşkənd aeroportu yaxınlığındakı anbarda partlayış baş verib, ölən və yaralananlar var

Özbəkistanın paytaxtı Daşkəndin əsas hava limanı yaxınlığındakı anbarda gecə saatlarında baş verən güclü partlayış nəticəsində 16 yaşlı bir gənc ölüb, azı 160 nəfər yaralanıb.

Azı 24 nəfərin ağır vəziyyətdə yerli xəstəxanaların reanimasiya şöbələrində olduğu bildirilib.

Özbəkistan paytaxtının Sergeli rayonunda gecə saat 3 radələrində baş verən güclü partlayış bütün şəhəri dəhşətə gətirib. Partlayışın ardınca böyük yanğın baş verib.

“Partlayış yerinə 16 yanğınsöndürən briqadası və üç nərdivan maşını göndərilib. Onlar saat 02:48-də gəlib və yanğının söndürülməsinə və nəticələrinin aradan qaldırılmasına başlayıb” - deyə, Özbəkistan Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib.

Müdafiə Nazirliyinin bildirdiyinə görə, hadisənin nəticələrinin aradan qaldırılmasına 1000-ə yaxın hərbçi cəlb olunub.

Rəsmilər “Inter Logistics” şirkətinə məxsus anbarda baş verən partlayışın səbəbləri ilə bağlı araşdırmalara başlayıb.

Vəziyyələ nəzarət etmək üçün Baş nazirin müavini Açilbay Ramatovun rəhbərliyi ilə hökumət komissiyası yaradılıb.

35 milyona yaxın əhalisi olan Özbəkistan Mərkəzi Asiyanın keçmiş Sovet respublikaları arasında ən sıx məskunlaşmış ölkədir.

Partlayış nəticəsində yaxınlıqdakı yaşayış binaları, mağazalar və digər binaların şüşələrinin sındığı bildirilib.

Özbəkistan UzA milli xəbər agentliyi partlayışa baxmayaraq, Özbəkistanın ən böyük İslam Kərimov adına beynəlxalq aeroportunun normal işlədiyini qeyd edib.

Daşkənd merinin səlahiyyətlərini icra edən Şavkat Umurzakov partlayış nəticəsində evlərə dəyən ziyanın iki-üç gün ərzində ödənilyəcəyini vəd edib.