Ukrayna bildirir ki, Rusiya 19 dronla mühüm infrastruktura hücum edib

Ukrayna Hərbi Hava Qüvvələri cümə günü bildirib ki, Rusiya gecə ərzində 19 pilotsuz uçuş aparatı ilə ölkənin kritik infrastrukturuna hücum edib.

Hava hücumundan müdafiə qüvvələrinin bəyanatında doqquz pilotsuz uçuş aparatının vurulduğu, yeddisinin isə cox güman ki, radioelektron təzyiqdən təsirləndiyi bildirilir. Digər üç drona dair məlumat verilməyib.

Kyiv meri Vitali Kliçko paytaxtda yaşayış binasına ziyan dəydiyini, lakin itkilərin olmadığını bildirib. O əlavə edib ki, yanğın dərhal söndürülüb.

Qubernator Andrey Raykoviç bildirib ki, hücum nəticəsində Kirovohradın mərkəzi rayonunda yerləşən biznesin inzibati binasına da ziyan dəyib, işçilərdən biri yüngül xəsarət alıb.

Xerson vilayətinin qubernatoru Oleksandr Prokudinin dediyinə görə, Rusiya qüvvələri ötən gün həmçinin orada da kritik infrastruktur obyektlərinə, kommunal obyektlərə və 35 şəxsi yaşayış binasına zərbələr endirib. Oradakı müxtəlif hücumlar nəticəsində bir nəfər ölüb, daha dörd nəfər yaralanıb.

Bu arada Voronej vilayətində oktyabrın 4-nə keçən gecə pilotsuz təyyarənin hücumundan sonra neft bazasında yanğın baş verib. Bu barədə vilayət qubernatoru Aleksandr Qusev məlumat verib.

Onun sözlərinə görə, Anninski rayonunda elektron döyüş texnikası Ukraynaya məxsus pilotsuz təyyarələrin qarşısını alsa da, onlardan biri neft anbarının ərazisinə düşüb. “Boş çən yanıb. İlkin məlumata görə, itki yoxdur. Hadisə yerində yanğınsöndürənlər işləyir”, Qusev yazıb.

Rusiyanın Telegram kanalları pilotsuz təyyarənin qəzaya uğradığı yerdə yanğını əks etdirən videolar yayımlayır.

Astra Telegram kanalı yerli sakinlərə istinadən yazır ki, şəhərin Anna kəndində yerləşən Annanefteprodukt neft bazasına hücum edilib.

Ümumilikdə, oktyabrın 4-nə keçən gecə Rusiyanın müxtəlif regionları üzərində 18 təyyarə tipli dron vurulub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Altı pilotsuz təyyarə Belqorod və Voronej vilayətlərinin əraziləri üzərində vurulub, beş pilotsuz təyyarə Azov dənizi üzərində, biri isə Rostov vilayəti üzərində məhv edilib.

Rusiya Müdafiə Nazirliyi pilotsuz təyyarələrin hücumlarında Ukrayna Silahlı Qüvvələrini ittiham edir. Kyiv isə bir qayda olaraq, bununla bağlı şərh etmir.