Ukrayna Hərbi Hava Qüvvələri Krımda Rusiya gəmisinin məhv edildiyini iddia edir; Moskva raket zərbəsini təsdiqləyib

Arxiv fotosu - Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Novoçerkassk” desant gəmisi İstanbulda Bosfor boğazından keçib.

Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın işğalı altında olan Krım yarımadasındakı əsas dəniz limanına zərbə endirdiyini və Rusiyanın oradakı dəniz desant gəmisinin məhv edildiyini bəyan edib.

Ukrayna ordusu dekabrın 26-da Telegram kanalındakı açıqlamasında bildirib ki, taktiki aviasiya bölmələri yerli vaxtla səhər saat 3 radələrində Qara dəniz yarımadasının şərq tərəfində Feodosiya limanına qanadlı raketlər ataraq, "Novoçerkassk" adlı gəmiyə zərbə endirib.

Partlayışlar bütün şəhərdə əks-səda yaradaraq, limandan bir qədər aralıda sakinlərin oyanmasına, avtomobil siqnallarının işə düşməsi, vitrinlər və pəncərələrin sınmasına səbəb olub.

Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Mikola Oleşçuk Telegram kanalındakı paylaşımında "Rusiyanın dəniz donanmasının getdikcə kiçildiyini" və Ukrayna təyyarələrinin iştirakı olduğuna işarə etsə də, başqa təfərrüatları açıqlamayıb.

"Biz partlayışın və təsirinin nə qədər güclü olduğunu gördük. Bir gəminin belə bir zərbədən qurtarması çox çətindir", Hərbi Hava Qüvvələrinin sözçüsü, polkovnik Yuri İhnat AzadlıqRadiosunun Ukrayna xidmətinə deyib.

Rusiya Müdafiə Nazirliyi "Novoçerkassk" gəmisinin Ukrayna raketi tərəfindən zədələndiyini təsdiqləyib, lakin əlavə məlumat verməyib. Kremlin bildirdiyinə görə, müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə gəminin vurulması ilə bağlı məlumat verib ki, bu da hücumun ciddiliyinin mümkün göstəricisi hesab edilə bilər.

"Düşmən Feodosiya bölgəsində hücum həyata keçirib. Limanın ərazisi mühasirəyə alınıb. Hazırda partlayışlar dayanıb və yanğının qarşısı alınıb" - deyə, Krım vilayətinin Rusiya tərəfindən dəstəklənən qubernatoru Sergey Aksyonov Telegram kanalındakı açıqlamasında bildirib.

Onun sözlərinə görə, hücum nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. O, əlavə məlumat verməyib.

Təsdiqlənməmiş foto və videolarda gecə səmasına yüksələn böyük bir alov dalğası əks olunub. AzadlıqRadiosunun Ukrayna xidmətinin regional bürosu olan Krım Reallıqları-nın müxbiri tərəfindən çəkilmiş fotoşəkillərdə şəhərin sahili boyunca bir neçə binanın pəncərələrinin sındığını görmək olub.

"Novoçerkassk"ın məhv edildiyi təsdiqlənərsə, bu, raket və dəniz dronlarının silsilə hücumlarından sonra Krımda və onun ətrafında bəzi əməliyyatlarını dayandırmaq məcburiyyətində qalan Rusiyanın Qara dəniz donanmasına utancverici zərbələrdən sonuncusu olacaq.

Bu, həm də Ukraynanın zərbəsi nəticəsində zədələnən ikinci gəmi olardı. Belə ki, 2022-ci ilin martında, Rusiyanın genişmiqyaslı təcavüzə başlamasından təxminən bir ay sonra Ukrayna qüvvələri Azov dənizindəki Berdyansk limanını vuraraq, başqa bir desant gəmisi olan "Saratov"u batırıb, "Novoçerkassk" gəmisinə ziyan vurub.

Sentyabr ayında Ukrayna yarımadanın qərb tərəfində əsas Sevastopol limanı yaxınlığında quru dokda təmir edilən başqa bir Rusiya desant gəmisini və sualtı qayığı vurmaq üçün Britaniya tərəfindən təchiz edilmiş qanadlı raketlərdən istifadə edib. Hər iki gəminin və dokun ciddi zədələndiyi güman edilirdi.