BMT Təhlükəsizlik Şurasının üzvləri İsrail və İranı təmkinli olmağa çağırıb

ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild

BMT Təhlükəsizlik Şurasının üzvləri İsrail və İranı bir-birinə qarşı hücumları dayandırmağa çağırıb.

Təhlükəsizlik Şurasının fövqəladə iclası İsrailin şənbə günü gecə İranın üç vilayətindəki raket zavodlarına hava zərbələri endirməsindən sonra İranın müraciəti əsasında çağırılıb. Şura üzvləri Əlcəzair, Çin və Rusiya Tehranın istəyini dəstəkləyib.

ABŞ səfiri Linda Tomas-Qrinfild Vaşinqtonun gərginliyin getdikcə artdığını görmək istəmədiyini deyib və hər iki tərəfə müraciət edib.

"Birləşmiş Ştatların İsrailə mesajı aydın olaraq qalır: Biz həmişə onun xalqını və ərazisini İrandan, onun terrorçu əlaltıları və tərəfdaşlarından müdafiə etməyə yardım edəcəyik. Bizim İrana da mesajımız aydındır: Əgər o, İsrailə və ya bölgədəki amerikalı personala qarşı növbəti təcavüzkar addımlar atmağa qərar verərsə, bunun ciddi nəticələri olacaq. Biz özümüzü müdafiə etmək üçün tədbirlər görməkdən çəkinməyəcəyik", Linda Tomas-Qrinfild deyib.

Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya öz növbəsində İsrailin hərəkətlərini şərh edərkən bunları deyib: "Qərbi Qüdsdə bütün gücləri ilə bu şəraitdə müstəsna təmkin nümayiş etdirən İranı qarşıdurmaya sürükləməyə çalışırlar".

İranın yaxın müttəfiqi olan Rusiya Federasiyasının nümayəndəsi deyib ki, onun fikrincə, İsrail "Tehranın qarşıdurmanın daha da genişlənməsindən çəkinməyə hazır olduğuna dair siqnallarına baxmayaraq, qəsdən eskalasiya yaradır".

İsrail zərbələri İranın İsrail ərazisinə 200-ə yaxın ballistik raket atmasından bir neçə həftə sonra endirib. Zərbələr mübadiləsi İsrailin HƏMAS və Hizbullahla müharibəsi fonunda baş verib.

"Bütün tərəflər təmkinli davranmalıdır. Bu eskalasiya dövründə aranı daha da qızışdırmaq yaxşı bir şeyə gətirib çıxarmayacaq", Britaniya səfiri Barbara Vudvord deyib.

İranın ali dini lideri Ayətullah Əli Xameneyi bildirib ki, İsrailin zərbələri "nə şişirdilməməli, nə də onların əhəmmiyyəti azaldılmamalıdır". Lakin o, cavab tədbirləri görməyə çağırmayıb.

İsrailin BMT-dəki səfiri Denni Danon İsrailin cavabının "ölçülü və mütənasib" olduğunu deyib, lakin təkrar təxribatın ağır nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib.

"İran liderlərinə xəbərdarlıq edirəm: İsrail təmkin nümayiş etdirdi. Ancaq bundan sonra yalnız güc görəcəksiniz", o deyib.