ABŞ İslam Dövləti üzərində növbəti qələbəsini elan edib

Birləşmiş Ştatlar Suriyanın şimal-qərbində pilotsuz uçuş aparatlarının hücumu zamanı terror qruplaşmasının ilk beş liderindən birini izlədiyini, hədəf aldığını və öldürdüyünü bildirərək, İslam Dövləti üzərində növbəti qələbəsini bəyan edib.

ABŞ-ın Mərkəzi Komandanlığı (CENTCOM) İŞİD-in Suriyanın vilayət lideri Mahir Əl-Aqal kimi tanınan yüksək rütbəli məmurunu İslam Dövlətinin baş qərargahı ilə onun dünya üzrə filialları arasında əlaqə quran şəxs kimi təsvir edib.

"Əl-Aqal İŞİD şəbəkələrinin inkişafını aktiv şəkildə davam etdirdiyinə görə məsuliyyət daşıyırdı" - deyə, CENTCOM-un açıqlamasında bildirilib.

Çərşənbə axşamı verdiyi bəyanatda ABŞ Prezidenti Co Bayden güclü mesaj göndərdiyinə görə əməliyyatı tərifləyib.

Bayden "(Əl-Aqalın) Suriyada öldürülməsi əsas terrorçunu meydandan çıxarır və İŞİD-in regionda öz əməliyyatlarını planlaşdırmaq, resurslarla təmin etmək və həyata keçirmək qabiliyyətini əhəmiyyətli dərəcədə aşağı salır" deyib.

ABŞ Suriyanın Hələb vilayətinin Cindayris qəsəbəsi yaxınlığında Əl-Aqalın yaxın adamlarından birinin də ağır yaralanmasına səbəb olan hücumla bağlı bəzi təfərrüatlarla paylaşıb.

"Zərbə ABŞ-ın regiona və İŞİD-in davamlı məğlubiyyəti işinə sadiqliyini bir daha təsdiqləyib. İŞİD liderlərinin məhvi terror təşkilatının qlobal hücumlar planlaşdırmaq və həyata keçirmək qabiliyyətini sarsıdacaq" - deyə, Mərkəzi Komandanlığın sözçüsü, polkovnik Co Buççino bildirib.

Sözçü onu da əlavə edib ki, "İŞİD ABŞ və regiondakı tərəfdaşlar üçün təhlükə yaratmaqda davam edir". Buççino ABŞ-ın bölgədə davamlı mövcudluğunu qoruduğunu və regional təhlükəsizliyə təhdidlərə qarşı mübarizəni davam etdirəcəyini deyib.

Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupunun bildirdiyinə görə, Əl-Aqal motosiklet sürərkən raketlə vurulub. Məlumatda eləcə də Əl-Aqalın 2020-ci ildən bəri Suriyanın şimal-qərbində Türkiyənin dəstəklədiyi iddia edilən suriyalı yaraqlı qrup Əhrar Əl-Şərqiyyənin himayəsi altında olduğu bildirilib.

Amerikanın Səsi Suriya müşahidə qrupunun məlumatını müstəqil olaraq təsdiq edə bilməyib.

CENTCOM bildirib ki, ilkin baxış zamanı əməliyyat heç bir mülki vətəndaşa zərər verməyib.