USAİD Lerikdə su xətti çəkib

Amerika Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Azərbaycanın Lerik rayonunun mərkəzindən 40 kilometr aralıda yerləşən Siyov icmasında (Bakıdan 370 kilometr cənub) texniki su təminatı məqsədi ilə yaxınlıqda yerləşən bulaqlardan su xətti çəkilməsini maliyyələşdirib.

USAİD-in Facebook səhifəsində yaydığı məlumatda deyilir ki, bundan öncə icma üzvləri suyu müxtəlif tutumlu su qablarında əl və nəqliyyat vasitələri ilə uzaqda yerləşən bulaqlardan daşımaq məcburiyyətində qalırdılar.

“Problemin həlli üçün yaxın bulaqlardan su xətləri çəkilib. Bununla da 900-dən çox kənd sakininin suya çıxışı yaxşılaşıb,” məlumatda deyilir.

Layihənin icrasında Azərbaycan İqtisadiyyat Nazirliyi və East-West Management Institute USAİD-i ilə tərəfdaşlıq edib.