Qəzvin prokurorluğu milli fəalı "nizama qarşı təbliğat"da ittiham edib

Vəli Əsədi

İranın Qəzvin şəhərində yaşayan türk dil haqları fəalı Vəli Əsədi “İslam Respublikası nizamına qarşı təbliğat” fəaliyyəti göstərməkdə ittiham edilib.

Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin məlumatına görə, Vəli Əsədi bir müddət əvvəl Qəzvin prokurorluğuna çağırılmışdı. Amerikanın Səsinin də surətini əldə etdiyi çağırış vərəqəsinə əsasən, fəaldan 5 gün ərzində “son müdafiə” üçün prokurorluğa müraciət etməsi tələb edilmişdi.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin məlumatına görə, siyasi fəal bazar günü mayın 23-də Qəzvin şəhərinin ümumi və inqilab prokurorluğuna müraciət edib.

Vəli Əsədinin sosial mediada həyata keçirdiyi fəaliyyətlər üzündən rejimə qarşı təbliğat ittihamı ilə üzləşdiyi bildirilir.

O, keçən yanvar ayında İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb, təqribən bir həftə saxlanıldıqdan sonra 5 milyon tümənlik mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Qəzvin şəhəri İranın Qəzvin vilayətinin mərkəzidir. İran dövlətinə bağlı “Ümumi Mədəniyyət Şurası”nın göstəricilərinə görə, Tehranın yaxınlığında yerləşən Qəzvin vilayətində əhalinin əksəriyyətini türklər təşkil edir.