Vəfa Quluzadə: Ordu xalqa imkan verməyib ki, xalq Hüsnü Mübarəki sarayında tutub Nil çayına atsın

Vəfa Quluzadə, Xəzər Araşdırmaları Mərkəzi

1970-74-cü illərdə Sovet İttifaqının Misirdəki səfirliyinin birinci katibi olmuş Vəfa Quluzadə Amerikanın səsinə müsahibə verib

Tunisdən sonra ölkə prezidenti Hüsnü Mübarəkin istefası tələbilə Misirdə minlərlə insanın küçələrə çıxması dünya ictimaiyyətində bəzi suallar yaradıb: Bu proses digər ərəb dövlətlərində də vüsət alacaqmı? Ölkədə hakimiyyət dəyişəcəyi təqdirdə Süveyş kanalının taleyi və Misir-İsrail münasibətlərinin gələcəyi necə olacaq? Bu barədə Xəzər Araşdırmalar Mərkəzinin rəhbəri, 1970-74-cü illərdə Sovet İttifaqının Misirdəki səfirliyinin birinci katibi olmuş Vəfa Quluzadə ilə söhbət aparmışıq.


Sual: Misirdə artıq bir həftədir ki, nümayişlər davam edir. İnsanlar prezident Hüsnü Mübarəkin hakimiyyətdən getməsini tələb edirlər. Ərəb dünyasının avanqard ölkəsi sayılan və ən çox əhalisi olan bir ölkədə baş verən bu hadisələrin beynəlxalq və xüsusilə də regional təsirlərini necə qiymətləndirirsiniz?

Cavab: Misirdə çoxdan inqilab gözlənilirdi. Özü də İslam inqilabı gözlənilirdi. Misirdə hakimiyyətin həmişə ən böyük müxalifəti Müsəlman Qardaşları olub. Əgər qarşıdan gələcək seçkilər baş tutsaydı, Müsəlman Qardaşları hakimiyyətə gələcəkdi. Ona görə də seçkilərdən əvvəl Hüsnü Mübarəki aradan götürürlər. Kim götürür? Bəziləri təhlil edir ki, bu gözlənilməz hadisələr idi, özbaşına oldu. Buna mən inanmıram. Mən hesab edirəm ki, Müsəlman Qardaşları hakimiyyətə gəlməmiş, Hüsnü Mübarəki daha mütərəqqi, diktatorluqdan bir qədər demokratik başqa bir rejimlə dəyişmək istəyirlər. Bütün hadisələr də bunun ətrafındadır.

İş ondadır ki, çox inkişaf etmiş Qərb neftlərindan, qazlarından istifadə etdiyi ölkələrdə yalnız demokratik çağırışlar etdi. O ölkələrin hamısında avtoritar rejimlərdir. Mən Yaxın Şərq haqqında danışıram. Nə səbəbə görə bu qədər inkişaf etmiş Avropa bunlarda da demokratik dövlətlər yaratmağa imkanlar vermədi. Yalnız İsraildə demokratik dövlət oldu. Diktatura rejimlərinə istinad etmək bir o qədər də sərfəli deyil. Çünki onlar bütün bu illər boyu çürüyüblər və çökəcəklər. Yavaş-yavaş çökə-çökə də tarix onlarda İslam qüvvələrini hakimiyyətə gətirəcək. Çünki başqa qüvvə yoxdur. Başqa qüvvələrin yaranmasına həmin Qərb imkan verməyib.

Sual: Misirdə artıq qarşıdurmalar xalqla təhlükəsizlik qüvvələri arasında deyil, bir çox mətbuat orqanlarının təhlükəsizlik qüvvələrinin dəstəsi olduğunu iddia etdiyi Mübarək tərəfdarları ilə nümayişçilər arasında baş verir. Sizin fikrinizcə, ölkədə vətəndaş mübaribəsinin baş verməsi nə dərəcədə mümkündür?

Cavab: Ölkə xaosa bata bilər, ölkədə vətəndaş müharibəsi başlaya bilər. Ona görə ki, Misir ordusunun generalları Amerikada oxuyub, orada diplom alıb. Bu ordu mane olub ki, xalq Mübarəki süpürüb bayıra atsın? Ordu bəyanat verib ki, biz xalqa atəş açmayacağıq. Lakin ordu xalqa da imkan verməyib ki, xalq Hüsnü Mübarəki sarayında tutub Nil çayına atsın.

Sual: Artıq neft qiymətləri qalxmağa başlayıb. Sizin də iddia etdiyiniz kimi əgər vətəndaş mübaribəsi baş versə, bunun Süveyş kanalının fəaliyyətinə təsiri yəqinki qaçılmaz olacaq. Belə bir hadisənin dünya iqtisadiyyatına nə kimi təsiri ola bilər?

Cavab: Mən hesab edirəm ki, Süveyş kanalı Misir ordusunun əlindədir. Yəni Amerikanın əlindədir. Üstəlik İsrailin əlindədir. Süveyş kanalında ən güclü dövlət İsrail dövlətidir. Ona görə, mən Süveyş kanalına heç bir təhlükə görmürəm. Ölkə xaosa batar. Görürsünüzmü ölkədə nə qədər günahsız kasıb-kusub ölüb. Ölənlər, inqilabları edənlər, ölkədə diktaturaları yıxanlar kasıblar olur. Amma ən çox zülm çəkənlər də kasıblar olur. Mənim ürəyim kasıblara ağrıyır. Bir həftədir onlar meydanda ac-susuz Hüsnü Mübarəki istefaya çağırırlar. Hüsnü Mübarək də qızıl-gümüş içərisində oturub. Misir artıq ərəblərin lideri, avanqardı rolunu oynamır. Oynaya da bilməz.

Sual: Misir ərəb ölkələri arasında İsraili tanıyan iki dövlətdən biridir. Misirdə hər hansı bir hakimiyyət dəyişiklik baş verərsə, bunun Misir-İsrail münasibətlərinin gələcəyinə potensial təsirlərini necə qiymətləndirirsiniz?

Cavab: Bilirsinizmi, Misir-İsrail münasibətləri və hər hansı ərəb ölkəsi-İsrail münasibətləri yalnız rəhbərliklər arasındadır. Əgər siz bu dəqiqə Misir xalqı arasında referendum aparsanız, hamısı deyəcək ki, biz İsraili tanımırıq, İsrail bizim ərəb torpaqlarını işğal edib. Amma hakimiyyətlər tanıyıblar, bir-biri ilə diplomatik əlaqələr qurublar. Buna baxmayaraq, bu, da bir o qədər Misir-İsrail əlaqələrini xalqlar zəminində həll edə bilməyib. Fələstin problem həll olunmamış Ərəb-İsrail problemi həll olunmayacaq.