ABŞ Dövlət Departamenti: Azərbaycan hökumətini cənab Əylislinin təhlükəsizliyini təmin etməyə çağırırıq (Audio)


ABŞ Dövlət Departamenti yazıçı Əkrəm Əylisliyə qarşı təqiblərə münasibət bildirib. Amerikanın Səsinin (www.amerikaninsesi.org) Dövlət Departamentindən aldığı məlumata görə, fevralın 13-də keçirilən brifinq zamanı Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland Birləşmiş Ştatların məsələni yaxından izlədiyini bildirib.

“Biz bu məsələni yaxından izləyirik. Bildiyimizə görə Müasir Müsavat partiyasının sədri hüquq-mühaizə orqanları tərəfindən sorğu-sual edilmək üçün çağırılıb. Bu, doğru addımdır. Biz ifadə azadlığına inanır və buna dəstəyimizi bildiririk. Biz Azərbaycan hökumətini cənab Əylislinin təhlükəsizliyinin qorunmasına dair üzərinə düşən vəzifəni yerinə yetirməyə çağırırıq”-deyə Viktoriya Nuland bildirib.

Your browser doesn’t support HTML5

Victoria Nuland




Fevralın 11-də hökumətyönlü Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev Əkrəm Əylislinin qulağını kəsən adama 10 min manat verəcəyini bəyan edib.

Beynəlxalq Human Rights Watch təşkilatı fevralın 12-də açıqladığı bəyanatda xarici hökumətlər və Azərbaycanın üzv olduğu hökumətlərarası təşkilatları yazıçı Əkrəm Əylisliyə qarşı təqib kampaniyasının əleyhinə çıxmağa və Azəraycan hakimiyyətini Əylislinin ünvanına hədələri dərhal araşdırmağa çağırıb.