Avropa liderləri bu gün Vyanada toplaşaraq Avropa İttifaqının qeyri-qanuni mühacirət və insan qaçaqmalçılığından qorunması yollarını müzakirə edir.
Qaçqın böhranının ilk günündən Avropa İttifaqının sərhədlərinin effektiv müdafiəsi bərpa edilməli idi
Miqrasiya sammitinin gündəmində Balkan yollarından, Suriya, İraq və Əfqanıstan kimi müharibələrdən sarsılmış ölkələrdən Mərkəzi və Şərqi Avropa ölkələrinə müharicət axınının dayandırılması da yer alır.
Avstriya kansleri Kristian Kern və onun alman həmkarı, habelə Macarıstan, Serbiya, Yunanıstan və Bolqarıstan liderləri miqrant böhranına üzunmüddətli çarə axtarır.
Bu il Avstriya və digər ölkələrə Balkanlar yolu ilə minlərlə miqrant keçib. Bir çoxları Yunanıstanda ilişib qalıb.
Görüşdən əvvəl Avropa Şurasının prezidenti Donald Task müxbirlərə deyib ki, qaçqın böhranının ilk günündən Avropa İttifaqının sərhədlərinin effektiv müdafiəsi bərpa edilməli idi.
Avropa ölkələrinə qaçqın axını azalıb. Buna Ankara ilə Brüssel arasında maliyyə yardımı müqabilində qaçqınların Avropaya çıxışına məhdudiyyətlər tətbiq edilməsinə dair razılıq yol açıb.
Aİ liderləri sammit zamanı Bolqarıstan sərhədlərinin möhkəmləndiriləcəyi və Türkiyə ilə Bolqarıstan arasında təhlükəsizlik əməkdaşlığının genişləndiriləcəyinə vəd verib.