Xəzəryanı ölkələr konvensiya layihəsinin tam razılaşdırılaraq qəbul edilməsi barədə razılığa gəlib

Azərbaycan Xarici İşlər Nazirliyi iyulin 13-də Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Astana şəhərində keçirilmiş görüşü barədə məlumat yayıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya layihəsinin hərbi məsələlər, razılaşdırılmış etimad tədbirlərinə əməl olunması, balanslaşdırılmış silahlanmanın təmin edilməsi, gəmiçilik, müxtəlif su məkanlarında rejimlər və fəaliyyət, eləcə də azad tranzit hüququ, sualtı boru kəmərləri və kabellərin çəkilməsi ilə bağlı müddəaları müzakirə olunub. Konvensiya layihəsi üzrə işin davam etdirilməsi və ən yaxın zamanlarda tam razılaşdırılaraq qəbul edilməsi istiqamətində addımlar atılması barədə razılığa gəlinib.

Öz növbəsində, Rusiya xarici işlər naziri Sergey Lavrov Xəzəryanı ölkələrin (Azərbaycan, İran, Rusiya, Qazaxıstan, Türkmənistan) xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bildirib ki, Xəzər dənizinin hüquqi statusu üzrə Konvensiya 2017-ci ilin birinci yarısında imzalana bilər.

“Biz çox faydalı iş apardıq və bəzi istiqamətlər üzrə irəlilədik. Bir neçə məsələ qalıb ki, onlar üzrə prezidentlərlə razılaşdırılmış prinsiplərin düzgün forması lazımdır. Hesab edirik ki, 2017-ci ilin birinci yarısında Konvensiya imzalana bilər”, o qeyd edib.

Xəzər dənizinin hüquqi statusu ilə bağlı danışıqlar prosesi 1996-cı ildən başlanıb. Həmin il Xəzərin statusu ilə daim məşğul olmaq üçün xarici işlər nazirlərinin müavinləri səviyyəsində işçi qrupu yaradılıb. İşçi qrupu Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya layihəsinin işlənib hazırlanması və razılaşdırılması istiqamətində danışıqları artıq 20 ildir davam etdirir.

Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanması yolunda əsas maneə dənizin dibinin bölünməsi ilə bağlı tərəflərin müxtəlif mövqeləri, həmçinin dənizdə iri neft-qaz yataqlarının ərazi mənsubluğuna dair mübahisələrdir.

Azərbaycan, Qazaxıstan və Türkmənistan Xəzərin orta xətt üzrə bölünməsini təklif edir.

İran beş bərabər sektorun (20%) yaradılmasına təkid edir.

Rusiya Xəzər şelfinin və yeraltı sərvətlərin bölünməsinə tərəfdardır, lakin onun akvatoriyasının bölünməsinin əleyhinədir.

Xəzəryanı dövlətlərin sammitlərində Xəzərin statusu məsələsi əsas müzakirə mövzusu olaraq qalır. Cəmi dörd sammit keçirilib.

Azərbaycan, Rusiya və Qazaxıstan 1998 və 2001-ci illərdə Xəzərin dibinin və yeraltı sərvətlərin (su səthi ümumi istifadədə qalır) bölünməsinə dair sənədləri imzalayıblar. Bölgü modifikasiya olunmuş orta xətt əsasında aparılır.

2014-cü ildə Qazaxıstan və Türkmənistan arasında da Xəzərin dibinin bölünməsinə dair dövlətlərarası saziş imzalanıb.

Azərbaycan, Türkmənistan və İran arasında analoji razılaşma əldə etmək mümkün olmayıb.

Türkmənistan “Çıraq” və “Günəşli” yataqlarının Azərbaycana məxsusluğu ilə bağlı beynəlxalq arbitrajda iddia qaldırmağa can atıb.

Bundan əlavə, Bakı kəşfiyyat işlərinə başladıqdan sonra 2001-ci ilin yayında “Alov-Şərq-Araz” yataqları ilə əlaqədar İranla Azərbaycan arasında münaqişə yaranıb.