Ziyalılar Forumu Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edib

Ziyalılar Forumunun tədbiri

“Qarşıdan gələn 2013-cü il Azərbaycan dövlətinin taleyində mühüm rol oynayacaq. Ziyalıların, ictimai xadimlərin üzərinə xüsusi məsuliyyət düşür”, Eldar Namazov bildirib
Azərbaycan Ziyalılar Forumu dekabrın 29-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə bayram tədbiri keçirib.

İctimaiyyət, siyasi partiya nümayəndələrinin və media rəhbərlərinin iştirakı ilə təntənəli axşam məşhur dramaturq, Ziyalılar Forumunun sədri Rüstəm İbrahimbəyovun İçəri Şəhərdəki evində keçirilib.

Toplaşanlara üz tutan Forumun həmsədri Eldar Namazov qonaqları öz adından və xaricdə olan Rüstəm İbrahimbəyovun adından salamlayıb.

“Qarşıdan gələn 2013-cü il Azərbaycan dövlətinin taleyində mühüm rol oynayacaq. Bu mənada ölkə ziyalılarının, ictimai xadimlərin üzərinə xüsusi məsuliyyət düşür”, deyə o bildirib.

Forumun üzvü Cəmil Həsənli qeyd edib ki, Azərbaycan torpaqları işğal altında olduğu müddətdə hər-hansı uğurdan danışmaq olmaz. O, siyasi baxışlarından asılı olmayaraq, cəmiyyətin fəal və məsuliyyətli üzvlərinin öz fəaliyyətlərində bu mühüm vəzifənin həllinə istiqamətlənməsi istəyini dilə gətirib.