Accessibility links

İranda türkdilli filmlərin rejissoru Əsgər Yusufinejad vəfat edib


Əsgər Yusufinejad
Əsgər Yusufinejad

İran Azərbaycanının tanınmış kinorejissorlarından və türkdilli “Ev” və “Qolçaq” kimi filmlərin rejissoru Əsgər Yusufinejad sentyabrın 13-də 53 yaşında vəfat edib.

Rəsmi dövlət agentliyi İRNA-ya istinadən, rejissor sentyabrın 13-də səhər saatlarında insult keçirməsi nəticəsində həyatını itirib. O, bir müddət əvvəl xəstənaya yerləşdirilmişdi.

“Yusufinejadın ilk filmi festivallarda və ekranlarda tənqidçiləri heyran etmişdi. Ancaq onun Ərusək (Qolçaq) filmi 40-cı Fəcr Festivalına Qatılmaq üçün icazə ala bilməmişdi,” deyə İRNA-nın xəbərində dərc edilib.

Mərhum Yusufinejadın türk dilində çəkdiyi filmlər mediada və tənqidçilər arasında geniş mübahisələrə yol açmışdı. Onun çəkdiyi “Ev” filmi son illərdə İranda diqqətləri cəlb etməyə başlayan türkdilli filmlərin ilk nümunələrindən olub. “Ev” 35-ci Beynəlxalq Fəcr Festivalında kino tənqidçilərinin geniş rəğbət və alqışını qazanmışdı.

Tanınmış iranlı rejissor və 40-cı Fəcr Film Festivalının seçim komissiyasının üzvü Behruz Əfxəmi Yusufinejadın Qolçaq filminin türkcə olduğu üçün bu festivala alınmadığını bildirib. Əfxəmi bir müsahibədə Qolçaq filmini çox bəyəndiyini və onun “heyrətamiz bir film” olduğunu ifadə edib.

“İki yaxşı film festivala qatılmaq üçün icazə ala bilmədi. Onlardan biri Əsgər Yusufinejadın çəkdiyi Ərusək (Qolçaq) adlı heyrətamiz bir filmdir. O daha əvvəl də Ev adında bir film çəkmişdi. Mən o filmi də çox bəyəndim. Ev filmi festivala qatılsa da jüri heyəti onu qəribə bir şəkildə görməzdən gəlmişdi. Bəlkə də türkcə bilmədikləri və altyazıları da yaxşı oxumadıqları üçün idi. Bu dəfə daha pis bir vəziyyət oldu. Qolçaq dialoqla dolu türkcə bir filmdir... Mən rejissoru tanıyıram. Filmlərini də çox bəyənirəm. Telefon edib dedim ki, ‘təbrik edirəm, yorulmayasan!’ Çox gözəl bir film çəkibsən, amma ehtimal ki, özün də bilirsən bu şəraitdə festivala alınmaz. Bəzi həssaslıqlar var ki, bu filmi festivalda göstərməzlər. Yusufinejad özü tamamən bunun fərqində idi,” Əfxəmi Əsgər Yusufinejadın türkdilli Qolçaq filmi haqqında söyləyib.

Keçən bir neçə ildə İran Azərbaycanında çəkilən türkdilli filmlər İrandan əlavə Türkiyədə də kino tənqidçiləri tərəfindən geniş rəğbət və alqışla qarşılaşırlar. Daha əvvəl Amerikanın Səsinə müsahibə verən rejissor Rza Siyami hesab edir ki, “son illərdə İranda türkcə film istehsalı düşünüldüyündən daha sürətli və daha güclü bir şəkildə irəliləyib.”

XS
SM
MD
LG