Accessibility links

Apelyasiya məhkəməsi gəncləri həbsdə saxlayıb, reper üzr istəyib


Hər üç gənc xırda xuliqanlıda ittiham edilir

Apelyasiya Məhkəməsi Səbayel rayon Məhkəməsinin reper Camal Əlinin 10 sutka, gitaraçı Natiq Kamilovun 7 sutka və “Nida” gənclər hərəkatının fəalı, bloger Etibar Salmanovun 5 sutka həbsə məhkum edilməsi barədə qərarını qüvvədə saxlayıb. Onların hər biri üçün apelyasiya məhkəmə iclası ayrıca keçirilib. Reper Camal Əli 17 mart mitinqində işlətdiyi söyüş üçün üzr istəyib, eyni zamanda məhkəməyə bildirib ki, saxlandığı zaman hüquq mühafizə orqanlarının əməkdaşları onu döyüb. Kamilov və Salmanov saxlanandan sonra döyülmələri barədə əvvəl dediklərini təkzib edib. Onların hər üçü 17 martda gənclərin mitinqi zamanı ədəbsiz söyüş işlətdiklərinə görə tutulublar və məhkəmə onları İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə (kiçik xuliqanlıq) ittiham edib.

Tədbirin təşkilatçısı Gənclərin Hüquqlarının Müdafiəsi Komitəsi idi. Komitəyə 5 gənclər təşkilatı - "Azad gənclər", "Müsbət dəyişikliklər", "Dalğa", "Nida", "İnsan haqları klubu" və 4 partiyanın - "Vətəndaş həmrəyliyi", "Müsavat", AXCP və Demokrtaik Partiyanın gənclər təşkilatları daxildir. Aksiya siyasi məhbusların azad edilməsi, korrupsiyanın aradan qaldırılması, Azərbaycanın ərazi bütövlüyünün bərpası tələbləri ilə keçirilib. Amma, reper Camal Əli ədəbsiz söyüş işlətdiyi üçün (o cümlədən hakimiyyətin ünvanına) tədbir vaxtından əvvəl başa çatıb.

XS
SM
MD
LG