Accessibility links

Gənclər təşkilatları tələbləri yerinə yetirilənə qədər etiraz aksiyalarını davam etdirəcəklərini bildirib.

Martın 17-də Bakıda müxalifətdə olan gənclər təşkilatlarının sanksiyalaşdırılmış mitinqi keçirilib. Mindən çox insanın qatıldığı mitinqdə Qarabağ, siyasi məhbuslara azadlıq, təhsildə rüşvətə yox şüarıları qaldırılıb və aksiyanın sonunda dava düşüb.


Toplaşanlar həmçinin hakimiyyətin vətəndaşların hüquq və azadlıqlarını pozan siyasətini pisləyən “Bizə Eurovision deyil, Qarabağ lazımdır!”, “Vicdan məhbuslarına azadlıq!”, “YAP-sız yaşamaq istəyirik!”, “Rüşvətsiz təhsil!” və başqa bu kimi şüarlar da qaldırılıb.
Mitinq iştirakçılarının çıxışlarında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı aparılan uğursuz danışıqlar, demokratik islahatlar, orduda problemlərin aradan qaldırılması, xüsusən hərbiçilərin qeyri-döyüş şəraitində həlak olmasına son qoyulması, təhsildə və digər sahələrdə korrupsiyaya qarşı mübarizə zərurəti qeyd edilib. Gənclər təşkilatları tələbləri yerinə yetirilənə qədər etiraz aksiyalarını davam etdirəcəklərini bildiriblər. Aksiya gənc ifaçıların konserti ilə davam edib.

Konsertdə reper Camal Əlinin ifası münaqişə və davaya səbəb olub. Reper mitinq iştirakçılarının və prezidentin ünvanına söyüşlər səsləndirib. Bu, aksiya iştirakçılarının etirazına səbəb olub. Beləliklə qarşıdurma yaranıb. Polisin müdaxiləsindən sonra gənclər sakitləşib. Reper və onu müşaiyət edən 3 gənc polis tərəfindən saxlanılıb.

Bakı Baş Polis İdarəsinin məlumatına görə, Gənclərin Hüquqlarını Müdafiə Komitəsi adlandıran qurum Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirib.
Saat 15:00-dan 17:00-dək davam edən toplantıda AXCP, Müsavat, ADP, VHP, AXP, KXCP, Ümid partiyalarının, o cümlədən bir neçə müxalif yönümlü gənclər təşkilatlarının ümumi sayı təxminən 350 nəfərə qədər olan üzvü və təəssübkeşi iştirak edib.
İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.

Öz növbəsində, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov APA Agentliyinə bildirib ki, demokratik dövlət olan Azərbaycanda insanların ifadə, sərbəst toplaşmaq və digər hüquq və azadlıqları tam təmin edilib. “Qanunla müəyyən olunmuş qaydada insanların toplaşaraq, öz fikirlərini, mövqeyini bildirmək üçün zəruri şərait yaradılıb. Müxalifət partiyalarını təmsil edən gənclərin keçirdiyi mitinq bunu əyani şəkildə sübut edib”.
Cənab Həsənov aksiyada Azərbaycan xalqının, onun aparıcı qüvvəsi olan Azərbaycan gəncliyinin mentalitetinə, mənəvi dəyərlərinə zidd davranışa şahid olmaqdan təəssüfləndiyini bildirib. “Daim milli xüsusiyyətlərdən, əxlaqi dəyərlərdən, insani keyfiyyətlərdən ağzı dolusu danışanlar öz “liderlərinin” mənəviyyatına uyğun olaraq mövqelərini söyüş, təhqir, əxlaqsız hərəkətlərlə ifadə ediblər. Əslində bu, Azərbaycan xalqına, gənclərimizə qarşı təhqirdir. Digər tərəfdən, bu aksiya meydan veriləcəyi təqdirdə on minlərlə insanı bir araya toplayacaqlarını daim təkrarlayan radikal müxalifət təmsilçilərinin həqiqətdə nəyə qadir olduqlarını açıq göstərdi. Bir daha sübut olundu ki, Azərbaycanın siyasi arenasında radikalizmə, dağıdıcılığa yer yoxdur”, - deyə o qeyd edib.

XS
SM
MD
LG