Accessibility links

Azərbaycan doğulmamış qızları abort etdirən ölkələr sırasında

  • Ulviyyə Əsədqızı

Azərbaycan doğulmamış qızları abort etdirən ölkələr sırasında

Azərbaycan doğulmamış qızları abort etdirən ölkələr sırasında

“Science” jurnalının müxbirinin araşdırmasına görə, Azərbaycan dünyada doğulmamış qızları cinsinə görə ən çox abort etdirilən ölkələrdən biridir. Azərbaycanda qız uşaqlarının doğulmamış öldürülməsi hallarının artmasını “Amerikanın səsi”nə müsahibəsində Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü Musa Quliyev də təsdiqləyir, bildirir ki, Azərbaycanda son beş ildə oğlan uşaqlarının sayı sürətlə artır.

Azərbaycan dünyada doğulmamış qızları cinsinə görə ən çox abort etdirilən ölkələrdən biridir.

Bunu “Qeyri-təbii seçim: qızı yox, oğlanı seçmək və kişi ilə dolu bir dünya gözləntisi” adlı kitabında amerikalı araşdırmaçı jurnalist, məşhur “Science” jurnalının müxbiri Mara Hvistendhali yazır. Azərbaycandan başqa bu siyahıda Çin, Hindistan, Cənubi Koreya və Albaniya və s ölkələrin adları var.

Kitabda deyilir ki, təbii halda 100 qıza 105 oğlan doğulur. Amma bəzi inkişaf etməkdə olan Asiya ölkələrində bu rəqəm süni olaraq oğlanların xeyrinə dəyişdirilir. Məsələn, indi Çində hər 100 qıza 120- 150 oğlan, Gürcüstanda 118, Ermənistanda 120, Azərbaycanda isə 115 oğlan düşür.

Azərbaycanda qız uşaqlarının doğulmamış öldürülməsi hallarının artmasını “Amerikanın səsi”nə müsahibəsində Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü Musa Quliyev də təsdiqləyir, bildirir ki, Azərbaycanda son beş ildə oğlan uşaqlarının sayı sürətlə artır. Beş il əvvəl qızların oğlanlara nisbəti 49:50 idisə, indi 48:52-dir. Deputat hesab edir ki, buna səbəb qız uşaqlarının doğulmamışdan əvvəl cinsinə görə abort etdirilməsidir. Hələ də ailələrin seçimi oğlan uşaqlarıdır.

QADIN AZ OLAN CƏMİYYƏTLƏRDƏ CİNAYƏT HALLARI ÇOX OLUR

Mara Hvistendhal isə bu ölkələr üçün həyəcan təbili çalır:

“Tarixən hansı cəmiyyətlərdə ki, kişilərin sayı qadınları üstələyib, o cəmiyyətlərdə zorakılıq daha çox olub”. Jurnalist öz kitabında yazır ki, məsələn, Hindistanda hansı bölgələrdə ki, qadınların sayı kişilərdən daha çoxdur, orada cinayət faizi daha yüksəkdir. Hvistendhalinin izahına görə, qadınların sayı az olduğundan cəmiyyətin daha az gəlirli olan kişilərinin evlənmək şansı azalır və onlarda zorakılığa, cinayətə meyl artır. Müəllifin araşdırmasına görə, Çinin bəzi əyalətlərində də vəziyyət eynidir.

ƏHALİNİN PULU ARTDIQCA QIZLARI DAHA ÇOX ABORT ETDİRİR

Milli Məclisin deputatı Musa Quliyevin sözlərinə görə, Azərbaycanda qız uşaqlarının son illər daha çox abort etdirilməsinin səbəbi budur ki, ölkədə ultrasəs müayinəsi əvvəlki illərə nisbətən daha çatımlıdır:

“Ən azı son beş ilə qədər əhalinin iqtisadi vəziyyəti yüksəlib, həm də hər kənd poliknikasında ultrasəs müayinəsi həyata keçirmək mümkün olub”.

CEHİZ!!!

Mara Hvistendhal isə “Amerikanın səsi”nə müsahibəsində bildirir ki, tibbi texnologiyanın daha çatımlı olması səbəblərdən biridir, başqa səbəb isə budur ki, adı çəkilən ölkələrdə nəsilartırma qabiliyyəti aşağı düşüb: “ Əgər qadının bir və ya iki uşaq doğmaq şansı varsa, onda ya özü, ya da ailəsi istəyir ki, bu uşaq oğlan olsun. Burda əlbəttə ki, mədəniyyət də mühüm amildir. Müxtəlif mədəniyyətlərdə qız uşaqlarını müxtəlif səbəblərdən istəmirlər. Məsələn, Hindistanda əsas səbəb cehizdir. Qıza cehiz vermək ciddi problem olduğundan ailə istəyir ki, məsələni bəri başdan həll etsin və qızı dünyaya gətirməsin”. Araşdırmaçı bildirir ki, Azərbaycanda bu cür qeyri-təbii seçimin mədəni səbəblərini öyrənməyib.

AMERİKALI JOANNE QIZ UŞAQLARININ ABORTU HAQDA

Amerikalı Joanne Morrow-nun 36 yaşındadır və iki uşaq anasıdır. Ona danışanda ki, elə ölkələr var ki, qadınlar qız uşaqlarını məhz cinsinə görə abort etdirirlər, kədərlənir:

“Bu necə ola bilər?! Bu, dəhşətdir!!! Mən indiyə qədər eşitməmişəm ki, ABŞ ailələrində nə vaxtsa buna görə söz-söhbət olsun. Mənim iki qızım var, oğlan heç vaxt arzulamamışam. Mənimçün nə fərqi var axı. Əsas odur ki, uşaq sağlam olsun!”

“ƏRİM MƏNİ MƏCBUR ELƏDİ Kİ, QIZI ABORT ETDİRİM”

Azərbaycandan Arzu adlı qadın elmipress.com ünvanlı elm üzrə ixtisaslaşmış tibbi jurnala danışır ki, 3 uşaqdan (iki oğlan, bir qız) sonra əri bilib ki, onun növbəti qızı doğulacaq, məcbur edib ki, uşağı abort etdirsin. O da qorxusundan dörd aylıq uşağı abort etdirib. Abortdan bir neçə ay sonra bətnində tərpəniş hiss edib. Məlum olub ki, həkim uşağın bir qolunu, biq qıçını qoparıb, uşaq sağ qalıb. Qadın növbəti dəfə təhlükəli aborta getməli olub.

YEDDİ OĞUL İSTƏRƏM, BİRCƏ DƏNƏ QIZ GƏLİN

Bəs Azərbaycanda nə üçün qızlardansa oğlan uşaqlarına üstünlük verirlər? Demokratiya ilə bağlı bir neçə kitabın müəllifi, politoloq Hikmət Hacızadə deyir ki, bu cür düşüncə tərzi partriarxal cəmiyyətlərə xasdır:

“Ailələr fikirləşir ki, oğlan güclüdür, qız zəifdir. Qızın əlavə müdafiəyə ehtiyacı var. Oğlan isə güclüdür, varisdir, nəslin davamçısıdır. Ona görə də oğlan uşaqlarına daha çox üstünlük verirlər”.

Hikmət Hacızadə hesab edir ki, bu, cəmiyyətin özünün zəifliyindən irəli gəlir. Cəmiyyət zəif olduğundan zəif hesab etdiyi qadının qəbul etmək istəmir, zəifdən utanır: “ Halbuki, müasir cəmiyyətdə qadının rolu dəyişib, indi fiziki güc mühüm deyil. Bu cür halların qarşısını almaq lazımdır. Bu işlə hökumət də ciddi məşğul olmalıdır, əgər hökumət etmirsə, onda qeyri-hökumət təşkilatları, ziyalılar, media etməlidir”.

ƏN YAŞLI QADIN DOĞULMAMIŞ QADININ ƏSAS DÜŞMƏNİ KİMİ

“Təmiz dünya” qadın təşkilatının sədri Mehriban Zeynalova deyir ki, əvvəllər qadınlar dünyaya qız gətirdiklərinə görə daha çox təzyiqə məruz qalırdılar. Son illər isə abort imkanı artıb deyə daha qadınlara fiziki təzyiq etmirlər, onları aborta göndərirlər.

Mehriban Zeynalova deyir ki, ailədə belə təzyiqlər daha çox elə qadınlar tərəfindən baş verir: “Çox vaxt qaynanalar gəlinlərə təzyiq edirlər ki, qız uşaqlarını abort etdirsinlər”.

Mara Hvistendhal məsələnin həllini ultrasəs müayinəsi vaxtı dölün cinsinə qadağa qoymaqda görür. Dediyinə görə, Cənubi Koreyada bu metod bir müddət işlək olub. Sonra hökumət nəzarəti itirib deyə, bu cür abortlar geniş vüsət alıb. Hindistanda da eyni qanun qəbul olunub, amma işlək deyil.

Musa Quliyev Milli Məclisə təklif verib ki, qanunda dəyişiklik edilsin və ultrasəs müayinəsi zamanı dölün cinsini açıqlamaq həkimlərə qadağan edilsin. Hələlik, bu təkliflə bağlı müzakirələr gedir.

Mara Hvistendhaldan soruşuruq ki, Azərbaycanın korrupsiya reytinqi yüksəkdir, belə narahatlıq ola bilər ki, qadağaya əməl olunmayacaq və həkimlər rüşvət alıb dölün cinsini valideynlərə deyə bilərlər. Çində və Hindistanda da korrupsiya halları mövcuddur, bu məsələ necə tənzimlənir?

“Korrupsiya var deyə bu cür qanun qəbul edilməməlidir, demək doğru deyil. Hökumət gərək bu işdə ciddi təşəbbüs göstərsin və qadınların hüquqlarını qorusun. Məsələn, Çində iki qutu siqaret rüşvət verib dölün cinsini öyrənmək olar. Amma mən inanıram ki, hökumət ciddi tədbirlər görsə, belə hallar az olar”.

Bəs sizcə, qız uşaqlarının cinsinə görə abort etdirilməsinin qarşısını necə almaq olar? Fikirlərinizi şərh yerində bölüşün.

XS
SM
MD
LG